Günahkarlıq hissindən xilas yolu – Psixoloq məsləhəti

Hər bir insan zamanla günahkarlıq hissi duyur. Övladlara, valideynə, dostlara və sairə qarşı günahkarlıq hissi…

D.Hollis yazır: “Günahkarlıq hissi bir çoxumuzun çiynində oturan böyük qara quş kimidir”.

Analitik psixologiyanın qurucusu Carl Jung tərəfindən təqdim olunan Kölgə konsepsiyası isə mənfi hərəkəti, eqoistliyi, narsisizmi və qorxaqlığı xatırladır.

Bu barədə analitik-psixoloq Larisa Yenicag.az-a müsahibəsində danışıb.

O bildirib ki, insanlar tez-tez günahkarlıü hissi ilə bağlı məsləhətləşməyə gəlir, keçmiş hadisələrin ağırlığından xilas olmaq, rahat nəfəs almaq istəyirlər:

“Danışılan hekayələr fərqli olur, amma hisslər eynidir. Ancaq daha dərinə nəzər salsaq, günahın da fərqli olduğu məlum ola bilər.

Günahın 3 əsas növü var:

1. Məsuliyyət forması kimi həqiqi günah;
2. Qorxuya qarşı xəyali müdafiə xarakterli günahkarlıq;
3. Ekzistensial günah.

Birinci günah növü başqa bir şəxslə əlaqəli olaraq, çox pis bir cinayət törətmişik kimi hiss yaradır. Məsələn, söz verdik, yerinə yetirmədikdə, yalan danışdıqda, şəxsin hər hansı əşyasını xarab etdikdə, yoldaşımıza yalan danışdıqda, uşağı vurduqda və buna bənzər hadisələrdə yaranan hisslər.

Atılan addıma görə məsuliyyətin qəbul edilməsi etdiyi seçim, onun zərərli nəticələrinə görə günahkar olduğunu etiraf etmək bəlkə də nəticədə insana rahatlıq gətirə biləcək yeganə yoldur.

Bir çox möminlərin etirafdan sonra hiss etdikləri rahatlıq duyğusu bunu sübut edir.

Bundan uzaq olan insanlar da üç sözlə göstərilən təcrübələrlə tanış ola bilərlər: Etiraf, xilas və rahatlama.

Etiraf təcrübəsi çox əhəmiyyətlidir, özünə və ya başqalarına vurduğu zərərin etiraf edilməsini əhatə edir. Bəlkə də əvvəlcə bir insan ona vurduğu ziyanı obyektiv anlamır, ancaq şüuru açıq şəkildə bunu dedikdə tam qəbul etmiş olur: bəli, mən bunu etdim, bəli, bu mənim üzümdən oldu, bəli, mən buna görə məsuliyyət daşıyıram.

İnsanların etdiklərini etiraf etməsi çox vaxt çox çətin olur: “Bəli, həqiqətən mən günahkaram, dəhşətli bir şey etdim, bağışla, xahiş edirəm.”

Təbii ki sosiopatlardan deyil, xüsusilə pisniyyətli olmayan, bəzən də istəmədən belə şeylər edən adi insanlardan danışıram.

Bir şəxs etdiyinin məsuliyyətini dərk edirsə, etdiklərini düzəltmək üçün bəzi addımlar atması daha asandır: bütün vədləri yerinə yetirmək, həqiqəti söyləmək və artıq yalan danışmamaq, xarab olanları almaq və ya düzəltmək, uşaqdan üzr istəmək və emosional vəziyyətini izləmək və s.

Uşağın böyümə müddətində və ya bir insana uzaq keçmişdə edilən xəyanət və ya vurulan əhəmiyyətli zərərin kəffarəsini ödəmək olduqca çətindir.

Kəffarə həmişə mümkün deyil. Görülənlərin böyük bir hissəsi artıq geri qaytarıla, düzəldilə bilinmədiyi zaman xilas olmaq üçün etiraflar simvolik xarakter daşıyır. İnsan psixoloji olaraq düzəltmək istədiyi vəziyyətə qayıdır.

Ancaq belə hallarda psixoterapiya köməyə gəlir.

Mənə elə gəlir ki, kölgə, bürclər və məcazi kartlarla işləmək kimi üsullar təsirli olur.

Birinci növə aid olmayan başqa bir günah kateqoriyası var – bir şəxs qəsdən başqasına pis bir şey etmədiyi, lakin özünü günahkar hiss etdiyi zaman”.

Psixoloq qeyd edib ki, günahkarlıq dediyimiz hissin əsas hissəsi qorxuya qarşı müdafiədir.

“Çox vaxt insanların sadəcə kiməsə “yox” deməklə, ya da yaxınlarına qarşı aqressiv olmaları, və ya mükəmməl bir valideyn olmamaqla günahkar olduqlarını dilə gətirdiklərinin şahidi oluruq.

Çoxumuz olduğumuz kimi deyil, daha yaxşı biri olaraq, etibarlı deyil uyğunlaşa bilən, özgüvənli deyil dediklərini edən biri kimi böyüdüldüyümüz üçün müdafiə mexanizmi inkişaf etdirmişik.

Öz istəklərini, düşüncələrini, ehtiyaclarını arxa plana atmaqla, həqiqi hisslərini cilovlamağı və başqalarından gizlətməyi öyrənməmişik”.

Psizoloqun sözlərinə görə, qorxuya qarşı müdafiə xarakterli günahkarlıq hissi insanın özü olmasına imkan vermir: “Bu, erkən məhdudiyyət və travmanın ölçülməz gücünü əks etdirir.

Bir insan bu cür günahkar hiss etdiyi anlarda özünə sual verə bilər: “Nəyə görə müdafiə rejimindəyəm?”

Bir qayda olaraq, bir insanın qorxması, ehtiyat etməsinin səbəbi qərarının icrasının kimisə xoşbəxt deyil, narazı edəcəyidir (ana inciyəcək, ər başa düşməyəcək, sevgilisi əsəbiləşəcək və s.). Və insan özünü narahat hiss etməyə başlayır.

Bu cür günahkarlıq hissi vicdanı hiss olduğuna, başqalarına etiraf etməklə keçəcək günah olmadığına görə, insanın yetkinlik vəziyyətinə çatması üçün onu müşayiət edən qorxu ilə mübarizə aparması kifayətdir.

Bu günahın təsirində qalmaq hələ uşaqlığınıza bağlı olmaq deməkdir. Hələ də istəklərinin birinə narahatlıq verəcəyinə, mühakimə olunacağına, qəbul olunmayacağına, rədd ediləcəyinə görə narahatlıq hissinin müşayiət etməsidir.

Bu narahatlıq Jungian təhlili ilə aradan qaldırıla bilər”.

“Var olan günahkarlıq hissi bəlkə də dözülməsi ən çətin olan hissdir. Bu, varlığımızın qaçılmaz yoldaşıdır.

Mövcud məsələlər illər keçdikcə daha çox narahat edə bilər: həyat və ölüm məsələləri. Hətta ən yaxşı niyyətlərin də pis nəticələrə səbəb ola bildiyini dərk edirik. Bacarmadıqlarımıza görə məsuliyyət hissi yaşayırıq. (Bunu çoxdan dəyişdirə bilərdim. İllərin keçdiyinə görə günahkar olduğunu etiraf etmək, bütün itkilərdə və ya qazanclarda günahkarlıq hissi yaşamaq)

Təəccüblü deyil ki, insanın yaşı nə qədər çox, onun xüsusi problemi və ya həyatdan ümumi narazılıq hissi nə qədər böyükdürsə, özünün qarşısında var olan günahkarlıq hissi o qədər güclü olur.

Günahkarlıq hissinin qarşısını tamamilə almaq, yəni o duyğunu məhv etmək olmaz. Çünki bu hiss insanda bir istək inkişaf etdirməyə, bacarıqlarını mümkün qədər tam ortaya qoymağa, həyatını daha həssas və xeyirxahlıqla yaşamağa kömək edir.

Yəqin ki, artıq başa düşdüyünüz kimi, insan həyatının enerjisi və gücü daha çox keçmiş barədə narahatlıq hissinə sərf olunur. Və bu, həyatı bir çoxlarına sevinc və ləzzətlə yaşamağa mane olur.

Günahkarlıq hislərini ayırd edə, həyatımız barədə yeni məlumatları dərk edə bilsək, xilas olma yollarını (həqiqi və simvolik) tapsaq, bu, həyatda yeni yollar və parlaq perspektivlər əldə etməyimizə imkan verəcək.

Özünüdərk prosesini təkbaşına həyata keçirtməkdə çətinlik çəkirsinizsə kömək üçün peşəkar psixoloqa müraciət edin”, – deyə, psixoloq deyib.

Hazırladı: Cəmilə Çebotareva