!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Günay ARDA: Atəşkəsdən qorxanlar, yaxud, meydana niyə çıxmamalıyıq?

!Reklam – Yazi

gunay arda koshe 2Tarixi vərəqləyin. “Böyük xalqlar” dedikləriniz böyümək üçün, varlığını sübut etmək üçün illərlə qan axıdıb, torpaq davası edib.

Tarix ən qatı yuyucu vasitədir. O, xalqların axıtdığı qanları, aldığı canları xatırlamır. Yalnız nəticələr, itirilmiş və qazanılmışlar yaddaşlarda qalır.

“Böyük xalq”ın insanının namus anlayışı özü, ailəsi yox, bütün xalqı, torpağıdır. Başqalarına sivillikdən, müasirlikdən, tolerantlıqdan dərs keçən alman, ingilis, fransız mövzu ərazi bütövlüyü, torpaq olunca qəfil barbara çevrilir. Çünki özünə hörmət edən vətəndaş, insan üçün təsdiqin bircə yolu var: ərazi bütövlüyü, torpaqlarına hakimlik.

İllər keçir, şəhid yarası soyuyur. Ağrı əvvəlki kimi olmur. Verilən canlarla ancaq qürur duyursan. Ancaq hər qarış üçün səndən olanlar haqq-hesab tələb edir. Xəritəni qarşına çəkib, Abşeron Ağdamı, Laçını, Kəlbəcəri xəbər alır, tələb edir. Bu yükün altından çıxa bilməzsən, bu ləkəni üzərindən silib ata bilməzsən. Dədəndən, babandan sənə qalanı övladına verə bilməmək, sağ-salamat çatdıra bilməmək boğazında düyünlənər. Nə uda bilərsən, nə ölə…

Günlərdir, ləkəli köynəyimizi üzərimizdən atmağa çalışırıq. Addım-addım Qarabağa doğru irəliləyirik. Biz doxsanlardakı qəfil gülləyə tuş gələn, hazırlıqsız insanlar deyilik. Biz bu günlərə iki onillik hazırlaşmışıq. Biz zəfərə susamışıq. Bəlkə də dünyada müharibə həsrəti çəkən yeganə xalqıq. Yeganə insanıq ki, “atəşkəs” kəlməsi bizi vahimələndirir, depresiyaya salır. Süstlükdən, qeyri-məlumluqdan doymuşuq.

Bizim uşaqlığımızı müharibə qara ağzına atıb çeynədi. Bəd xəbərlər, valideyn itkiləri, oyuncaq əvəzinə güllə ilə oynamaq… Sonra isə uşaqlıqda qazandığımız travmaların ağrı-acıları, Vətən deyiləndə gözükölgəlilik…

Müharibə heç vaxt bitməmişdi. Biz hələ istədiyimiz, haqq etdiyimizi almamışdıq. Sonuna gəlirik. 20 ildən çox davam edən passiv müharibə romantikası bitir. İndi biz bir-birimizi daha yaxşı tanıyırıq. İllərin küsüləri belə “Lələ təpə”, “Madagis”, “Talış” deyib qucaqlaşıb ağlaşır. Bizim bir düşmənimiz, bir məqsədimiz var. Çıxış yolu birlikdir, çıxış yolu birgə addımlamaqdır. İndi bizi hisslər idarə etməməlidir.

Dünyanın heç bir ölkəsi terrordan sığortalanmayıb. Artıq “təhlükəsiz ölkə” anlayışı yoxdur. Terror səni hər an, hər yerdə haqlaya bilər. Hələ ki, sənin hiyləgər, yaralayıb taleyin ümidinə buraxdığın düşmənin varsa, həm özün, həm də xalqın üçün qorxmalısan. Qalibiyyət sevincini idarə etmək olmur. Çətindir. Səsimizi tutsaq, gözlərimiz hayqırar. Lakin bacarmalıyıq.

Hər gün ictimai nəqliyyatda təhlükəsizliyin möhkəmləndirilməsi haqda xəbərləri oxuyuruq. Son günlər isə bu xəbərlər daha çoxalıb. Bu, sizə heç nə demir? Əhalinin sıx toplaşdığı yerlərdə, ictimai nəqliyyatda təhlükəsizlik tədbirləri gücləndirilib. Belə yerlərdə təhlükəsizliyi qorumaq çətin olsa da, mümkündür. Bəs xəbərdarlıqsız mitinqlərdə təhlükənin qarşısını almaq mümkündürmü? Yüzlərlə küçələrə axışan vətəndaş “Qarabağ” deyib səslənəndə canı haqda düşünmür. Hər an nələr baş verəcəyini ağlına belə gətirmir. O, təmiz hisslərlə meydana gəlir. Belə bir mühit düşmən üçün münbit şəraitdir. Terrorla baş qatmaq, hədəfdən uzaqlaşdırmaq, döyüşdən soyutmaq taktikasını biz illər əvvəl görmüşük, yaşamışıq.

Belə şəraitdə hədəf bir olmalıdır. Vətəndaş işlədiyi sahədə keyfiyyət göstərərək dövlətə dəstək verməlidir.

Müasir dövr hisslərin, canlının yox, texnikanın gücün qalib olduğu yerdir. Hədəf seçilmək, tələyə düşmək, hisslərini ələ vermək bizə yaraşmaz. Bizə yaraşan yalnız qələbədir.

Axan şəhid qanları hədər olmayacaq. Başımızı dik tutaq. Özümüzü və ətrafımızı təmkinlə qoruyaq. Meydanlar, toplu yerlər hiyləgər düşmən üçün həmişə hədəfdir.

Meydanlar… Biz meydan adamıyıq. Cəngisi olan xalq yalquzaq ola bilməz. Meydanlar bizə zəfəri qeyd etmək üçün lazım olacaq.

www.yenicag.az

1048
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv