Günay Əfəndiyeva TÜRKPA deputatları ilə görüşdü

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyevanın TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının deputatları ilə görüşü olub.

Yenicag.az xəbər verir ki, görüşdə qonaqları salamlayan Fondun prezidenti Günay Əfəndiyeva təşkilatın fəaliyyətindən söz açıb: “Bildiyiniz kimi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edilib. Türk xalqlarının mədəniyyətinin, irsinin qorunması, öyrənilməsi və təşviq edilməsi istiqamətində müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu böyük yol qət edib. Türk Əməkdaşlıq təşkilatları olaraq hər zaman bir-birimizə dəstək veririk. Bu səpkidə bizim qardaş türk təşkilatı TURKPA ilə güclü tərəfdaşlıq münasibətlərimiz mövcuddur. Bu yaxınlarda Türkiyənin Bursa şəhərində keçirilən TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət nazirlərinin Daimi Şurasının fövqəladə iclasında Şuşa şəhərini 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan etdik. Əminəm ki, Türk dünyasının ayrılmaz parçası olan Şuşada bir-birindən gözəl tədbirlər, konsertlər, sərgilər təşkil ediləcəkdir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun üzv ölkələri ilə əməkdaşlıq əlaqələrinə toxunan Günay Əfəndiyeva, gənc beynəlxalq təşkilat olmasına baxmayaraq Fondun türk dövlətlərinin mədəni irsini əks etdirən çoxsaylı tədbirlər, layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

Görüşdə çıxış edən TURKPA-nın Baş katibi Mehmet Surayya Er Günay Əfəndiyevanın rəhbərlik etdiyi təşkilatın türk birliyi üçün gördüyü işlərdən söhbət açıb: “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk birliyinin daha da güclənməsi işinə böyük töhfələr verir. Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Türk dövlətlər birliyinin sıraları ildən-ilə genişlənir. Biz də öz növbəmizdə sizin tərəfinizdən həyata keçirilən işləri dəstəkləyirik”.

Görüşdə Azərbaycan Respublikasının Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Dinar Nuketaeva, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Aybek Osmonov, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Ulan Bakassov, Türkiyə Böyük Millət Məclisinin üzvü İbrahim Aydemir, Türkiyə Böyük Millət Məclisinin üzvü Hüda Kaya Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işləri yüksək qiymətləndirərək, türk xalqlarının birliyinin möhkəmləndirilməsi, türk dünyasının mədəni dəyərlərinin mühafizəsi və beynəlxalq aləmdə təbliği istiqamətində genişmiqyaslı fəaliyyətini təqdir ediblər.
Görüşdə, eyni zamanda, Fonda üzv və müşahidəçi ölkələrin səfirləri, rəsmilər qatılıb.

Görüş türk xalqları arasında əlaqələrin güclənməsinə dair fikir mübadiləsi ilə davam edib.