“Gündəlik yoluxma sayının tədricən azaldılması üçün…” – Yusif Bağırzadə

“Dövlət istər tibbi yardım, istərsə də sosial müavinətlərin verilməsi ilə bağlı öz üzərinə düşən hər şeyi edir”.

Bunu son günlər ölkədə koronavirusa yoluxma hallarının sürətlə artması fonunda karantin rejiminin sərtləşdirilməsi ehtimalını dəyərləndirən politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadənin sözlərinə görə, vətəndaşların məlumatsızlığı və laqeydliyi üzündən virusa yoluxma sayında artım müşahidə olunur və bu vəziyyətin qarşısını almağın əsas yolu karantin qaydalarının sərtləşdirilməsidir:

“Koronavirusun simptomları olduqca ağırdır. Bu virusun fəsadlarını nəzərə alsaq, hər hansı başqa xəstəliyi olan insanların virusa yoluxması onlar üçün daha ciddi təhlükə yaradır.

Son zamanlar ölkəmizdə qeyd olunan virusun geniş vüsət alması böyük narahatlıq doğurur. Gündəlik yoluxma sayı artıq 4 minin üzərindədir. Əksər insanlar virusun simptomlarını daşısalar da, məlumat azlığı səbəbindən öz çevrələrini də yoluxdururlar.

Ona görə də koronavirusa yoluxma sayının artmaması üçün karantin rejimi sərtləşdirilməlidir. Belə bir vəziyyətdə dövlət istər tibbi yardım, istərsə də sosial müavinətlərin verilməsi ilə bağlı öz üzərinə düşən hər şeyi edir.

Bütün hallarda karantin rejimi sərtləşdirilməlidir ki, virusa yoluxanların sayı azalmaya doğru getsin. Bununla yanaşı, əhalinin qaydalara əməl etməsi üçün maarifləndirmə tədbirlərinə də ehtiyac var”.

Gülşən Şərif