“Milyonların sevimlisi olan bir müğənni, ya aktyor özünü nümunəvi aparmalıdır” düşüncəsi cəmiyyətdə hökm sürür. Yəni heç də özü nümunəvi olmayan birisi, nədənsə tanınmış insandan daha doğru hərəkət gözləyir”.
Bu fikiləri Yenicag.az-a açıqlamasında Xalq artisti Ağadadaş Ağayevin mühafizəçiyə balta atması kimi mediada gündəmi zəbt edən xəbərlər barədə danışan “Report” Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu deyib.
Jurnalist gündəmi zəbt edən xəbərlərin özünəməxsus bir məntiqinin olduğunu bildirib:
“İlk top onluqda yer alan xəbərlərin nə səbəbdən geniş auditoriya toplamasının bilinən səbəbləri var. Gündəmi zəbt edən xəbər mütləq böyük insan kütləsinin marağında olmalıdır. Deyək, hamının cibinə təsir edəcək qiymət artımı barədə məlumat istər-istəməz sosial mediada müzakirə mövzusuna çevriləcək. Yanğın, zəlzələ, müharibə, valyuta məzənnəsi, qonşu ölkələrdə baş verən ciddi proseslər barədə verilən xəbərlər həmişə gündəmdədir. Bunun belə olması olduqca təbiidir”.
İ.Rafiqoğlu qeyd edib ki, qalmaqallar, kiminsə lüks həyat tərzi, intim görüntülər, qeyri-adi hadisələr də insanları cəlb edir:
“Media bu tip mövzuları diqqətdə saxlayır. Məşhur, populyarlıq qazanmış insanların şəxsi həyatı, hansısa gizli fəaliyyəti, normadan kənar davranışı demək olar, hər bir halda gündəmi ələ ala bilir. Bu, bəzən təsadüfən olur, bəzən isə kimsə bilərəkdən bir hərəkət etməklə diqqət cəlb etməyə çalışır. Adi insan nədənsə məşhurlardan başqa davranış modeli gözləyir. “Milyonların sevimlisi olan bir müğənni, ya aktyor özünü nümunəvi aparmalıdır” düşüncəsi cəmiyyətdə hökm sürür. Yəni heç də özü nümunəvi olmayan birisi, nədənsə tanınmış insandan daha doğru hərəkət gözləyir”.
Ekspert əlavə edib ki, Bəzən gündəmi zəbt edib orada özünə uzunmüddətli yer edən xəbər və ya videonun sosial mediada bir qədər davamlı yer almasının məntiqi izahı olmur:
“Vaxtilə “Səni deyirlər, məni deyirlər” mahnısı gündəmi tam tutmuşdu. Çox adi, sadə bir mətni olan bu kompozisiyanın onlarla yeni modifikasiyası da yaranmışdı. Kimi görürdün, bunu oxuyurdu. Oxuyan oxuyurdu, oynayan oynayırdı. Belə hallarda məntiq axtarmaq mənasızdır, belə tip kontent qarşısıalınmaz bir dalğa ilə yayılır. Gündəmi ciddi yox, böyük insan toplumunu özünə sevdirən xəbərlər tutur”.
İsmayıl Bakuvi