9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Günel Səfərova 9 fevralda keçiriləcək parlament seçkilər ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Yenicag.az həmin müraciəti olduğu kimi təqdim edir:
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
xanım Mehriban Əliyevaya
Hörmətli Mehriban xanım,
Azərbaycan Respublikasının Milli Məclisinə 9 fevral 2020-ci ildə keçiriləcək seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürmüşəm və qeydə alınmışam. Namizədliyimin qeydə alınması üçün gərəkli olan imzatoplama kampaniyası dövründə hər hansı qanun pozuntusu ilə qarşılaşmasam da, təşviqat kampaniyasında proseslərin tamamilə əks istiqamətə getdiyinin şahidi olmuşam.
Binəqədi rayonunun bütün inzibati resursları deputatlığa namizədliyi həmin dairədə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Kamaləddin Qafarovun seçki qutusundan “qalib” çıxmasına yönləndirilib. Açıq şəkildə bildirilir ki, YAP-ın namizədi olan yerdə heç kəs deputat seçilə bilməz. Seçicilərin şəxsiyyət vəsiqələri qanunsuz olaraq toplanılır, onlara Kamaləddin Qafarova səs vermələri üçün təzyiqlər edilir, müəllimlərə və valideynlərə mesaj göndərilir ki, səsvermədə biz deyən şəxsə səs verməsəniz cəzalanacaqsınız.
Mən heç bir siyasi partiyanın üzvü deyiləm. Ona görə yox ki, heç bir partiyanı bəyənmirəm. Ona görə ki, partiya qarşısında yox, vətəndaş qarşısında öhdəlik götürmək istəyirəm. Bu səbəbdən də seçkilərə müstəqil namizəd kimi qatılmışam. Düşüncəmə görə, millət vəkilinin öhdəliyi vətəndaş qarşısında olmalıdır. Mən bitərəf də deyil, vətəndaşın, vətənimin tərəfindəyəm. Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesinə öz töhfəsini verən “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədriyəm. Uzun illərdir ki, Azərbaycan qadınlarının cəmiyyətdə səlahiyyətləndirilməsi və uğur qazanmaları üçün maarifləndirmə işi aparır, ölkəmizi müxtəlif beynəlxalq təşkilatlarının toplantılarında layiqincə təmsil etməyə çalışıram.
Milli Məclisə inami bərpa etmək seçkilərin şəffaf olmasından asılı olacaq. Vətəndaşa öz şəxsiyyətinə layiq millət vəkili seçməsi üçün imkan yaradılmalıdır. Çünki namizəd seçiləndə vətəndaşı təmsil edəcək, vətəndaşın vəkili olacaq, icra başçısının, YAP-ın yox! Millət vəkili olmaq üstünlük deyil, üstünlük vətəndaşın məmnunluğudur. Normal və islahata cavab verən parlamentin formalaşması üçün deputatı seçici seçməlidir. Yalnız vətəndaşdan mandat almış parlament nüfuzlü olacaq.
Hörmətli Mehriban xanım,
Azərbaycanda qadın olmağın çətinliyi var. Qadının cəmiyyətdə özünütəsdiq etmək missiyası var. Azərbaycanda qadınların ictimai-siyasi aktivliyini bəzən doğru anlamırlar. Mən həm Günel Səfərova olaraq, həm də qadın olaraq özünütəsdiq mübarizəsi aparıram. Azərbaycan qadını çox böyük işlər görüb. Düşünürəm ki, bu gün Azərbaycan qadınının çox yaxşı nümunələri var. Məncə, hakimiyyət də bunun fərqində olmalı, istəməlidir ki, Azərbaycanda müsbət qadın nümunələri daha da çoxalsın və önə çıxsın.
Seçicilərimin çoxu deyir ki, seçilən seçilib mən niyə əziyyət çəkib seçkiyə gedirəm. Azərbaycanda seçkidən küsmüş bir toplum var. Biz istəyirik ki, bu ölkədə hüququ tapdalananda onu qoruya bilən vətəndaş yetişsin. Bunun üçün də bu sistemi yaradacaq mexanizmlərin yerində olmasını istəyirik. Çoxları deyir ki, bu gün ölkədə dəyişiklik mümkün deyil. İcra orqanları öz vəzifələrini yerinə yetirmir, rüşvət var, korrupsiya var, qanunlar işləmir, məhkəmələr sifarişli qərarlar çıxarır. Biz bu naqislikləri görürüksə onları bir şəkildə düzəltmək üçün nələrdənsə başlamalıyıq. Problemləri sadəcə üzə çıxarmaqla, deməklə iş bitmir, onların həlli üçün çalışmaq gərəkdir.
9 fevralda keçiriləcək seçki vəd edilən islahatların təsdiqi üçün ən gözəl indikator olacaq. Çünki bu seçkinin nəticəsi xalqın hakimiyyətə inamını tam formalaşdıracaq.
Hörmətli Mehriban xanım,
Parlament seçkilərinə ölkəmizdə həyata keçirilən islahatlardan ruhlanaraq və bu prosesin Azərbaycanı daha da gücləndirəcəyinə inanaraq qatılmışam.
Ümid edirəm ki, parlament seçkisi kimi dövlətimiz və xalqımız üçün olduqca mühüm əhəmiyyət kəsb edən bir siyasi hadisənin üzərinə kölgə salınmaması üçün əlinizdən gələni əsirgəməyəcəksiniz.
Hörmətlə, 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Günel Səfərova”