9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Günel Səfərovanın seçicilərlə bir görüşü haqqında düşüncələr.
Fikrimcə, hansı peşənin, sənətin sahibi olursansa ol, deputatlıq iddiasına düşürsənsə, seçki marafonuna qoşulursansa, bu yükü daşımağın məsuliyyətini dərk etməli və özünə kənardan baxmağı bacarmalısan, eyni zamanda, özünə suallar verib özündən də cavablar almağı unutmamalısan: mənim siyasi təfəkkürüm, dünyagörüşüm, ölkənin xarici və daxili siyasət istiqamətlərini təhlil etmək bacarığım var, ya yox?! Varsa, marafona ürəklə, cəsarətlə qoşul, qalib gəlsən, gələcəkdə uğurların davamlı olacaq, cəmiyyətdə nüfuz, hörmət sahibi olacaqsan, insanlar sənə inanacaq, səni özünə arxa-dayaq bilib, ümid yeri sanıb hörmətlə qəbul edəcəklər. Yox, siyasi prosesə kiminin (kimlərinsə) təkidi ilə qoşulmusansa, bir təsadüf hesabına “qalib” kimi o məclisə daxil olmusansa, sən orada rahat əyləşə bilməyəcəksən, daim qınaq yiyəsinə çevriləcəksən, kənardan zillənən gözlərdən narazılıq, giley, töhmət oxuyacaqsan. Buna görə nə vaxtsa, utanacaqsan, xəcalət çəkəcəksən…
Bütün bunları deməkdə məqsədim var: Adam getdiyi yerin hara olduğunu, söz dediyi kürsüdə onu kimlərin dinlədiyini, kimlərin əhatəsində əyləşdiyini dərk etməlidir. Belə olmayacaqsa, bir daha təkrar edirəm, gülüş, qınaq hədəfinə çevriləcək, söz-söhbəti məsxərəyə qoyulacaq, adının ətrafında lətifələr dolaşacaq… İndiyədək belə mənzərənin şahidi dəfələrlə olmuşuq, yəqin ki, bundan sonra da olacağıq.
Bax, millət vəkillərinin müəyyən hissəsinin qeyd etdiyim kimi, üzərinə düşən məsuliyyət yükünü daşımağa gücü çatmadığından və təmsil olunduğu Milli Məclis ölkədə keçirilən köklü islahatlara uyğunlaşa bilmədiyindən növbədənkənar parlament seçkilərinin keçirilməsinə qərar verildi. Yeri gəlmişkən, burada bir haşiyə çıxıb deyim ki, indi o özünü buraxan deputatların bəziləri yenidən namizəd kimi Milli Məclisə üzv olmaq iddiasındadır. Adam məəttəl qalır. Axı sən özünü buraxmışdın, bəs nə baş verdi ki, yenidən millət vəkili olmaq eşqinə düşdün. Belə olmaz, atam, qardaşım, anam, bacım… Sizə lap bu günlərdə Azərbaycan prezidentinin Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışından bir məqamı xatırlatmaq istərdim. Dövlət başçısı Azərbaycanda aparılan islahatlar haqqında danışaraq, bildirdi ki, fevralın 9-na təyin olunan növbədənkənar parlament seçkilərinin nəticələri əsasında formalaşdırılacaq Milli Məclisin yeni tərkibi ölkədə aparılan sosial-iqtisadi islahatların vacib hissəsi olacaq… Çox dəqiq, sərrast ifadə edilmiş fikirdir, yəniformalaşdırılacaq Milli Məclis gerçəkləşdirilən islahatlara uyğun gəlməli, ali qanunvericilik qurumu yenilənmənin, müasirləşmənin sürətlənməsinə, səmərəliliyinə töhfə verməlidir…
Bu günlərdə 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa müstəqil namizəd Günel Səfərovanın seçicilərlə görüşlərinin birində iştirak etdim. Döyülən qapıdan çıxan şəxslə söhbət əsnasında “əvvəlki deputatınız kim idi” sualına cavabda “Kəmaləddin Heydərov” adını eşidəndə, necə deyərlər, matım-qutum qurudu. Bildirəndə ki, ay mənim əzizim, söylədiyin o bəndə heç vaxt millət vəkili olmayıb, kiminləsə qarışıq salırsan, dayanıb, gözlərini döydü. Əslində seçicinin belə bir cavab verməsinə görə onu günahkar saymaq ədalətsizlik olardı. Günahkar o, yəni gündəlik ruzusunu min bir əzab-əziyyətlə qazanan şəxs deyil. Təqsirkar “Kəmaləddin Heydərovdur” ki, başının üstündə dayanan ağsaqqal onu bu məsuliyyətli, ağır, həm də şərəfli bir yola çıxmağa məsləhət biləndə, razı olmamalıydı. Deməliydi ki, filankəs müəllim, etimadınıza görə minnətdaram, sizdən yer-göy qədər razıyam, amma inciməyin, bu yükü götürməyə, çəkib aparmağa məndə elə bir güc-qüvvət, taqət yoxdur…
Bax, bütün bunlara görə də yerlərdə seçicilər seçkilərə ciddi yanaşmır, bu siyasi marafonun ölkə həyatı üçün taleyüklü bir məsələ olduğunu qəbul etmirlər. Deyirlər ki, seçkiyə getdin-getmədin, fərqi yoxdur, onsuz da “qutudan” “Kəmaləddin Heydərov” çıxacaq (Kəmaləddin Heydərovun adını özümdən asılı olmayan səbəbdən tez-tez təkrarladığıma görə, hörmətli nazir məni başa düşər).Yox, heç də belə deyil. Məsələ heç də bu qədər asan deyil. Seçki ciddi siyasi prosesdir. Belə marafona siyasi mübarizə müstəvisində qoşulmaq gərəkdir. Yəni seçici saxtakarlıq olacağını düşünüb ruhdan düşməməli, əl-qolunu yanına salıb evində oturmamalıdır: seçki məntəqəsinə gedib istədiyi, qabiliyyətinə, bacarığına, biliyinə bələd olan namizədə səs veməlidir. Yoxsa… qutuya kiminsə, yaxud kimlərinsə göstərişilə qalaq-qalaq bülletenlər atılacaq. Etiraf edək ki, indiyədək, proses bu qayda ilə gedib və nəticə də bəllidir: qutudan “Kəmaləddin Heydərov” çıxıb, sonda da Milli Məclis islahatlarla ayaqlaşmadığına görə buraxılıb. Bax, belə!.. Hər şey bu qədər sadə, həm də bu qədər mürəkkəb!..
Müşahidələrimə əsaslanıb bu dediklərimi hüquqşünas Günel Səfərovanın da öz dilindən eşitməyinizi istərdim: “Əhalini seçkiyə gətirmək, inandırmaq çox çətin prosesdir. Əhalini də başa düşürəm ki, indiyə qədər səs verdiyi yox, müəyyən siyahıda adı olanların qutudan çıxdığını görüb. Buna görə də insanlar artıq seçkiyə inanmır… Hər gün ən azı 60-70 nəfərlə görüşürəm, onlardan 20-si məndən soruşur ki, seçki nə vaxtdır? Azərbaycanda seçkidən küsmüş bir toplum var. Əslində bunun adı seçkidir, xalqın iradəsinin ifadəsidir. Amma seçki uzun illər xalqın iradəsinin ifadəsi olmayıb deyə, insanlar ona görə seçkiyə getməkdə məna görmürlər…”.
İndi bildinizmi, seçkiyə laqeydlik, biganəlik haradan qaynaqlanır? İndi düşündünüzmü Milli Məclis islahatların tələblərinə niyə uyğun gəlmir? İndi yəqin ki, parlamentin niyə buraxılıb yenidən formalaşdırılması zərurətindən də agah oldunuz…
Və sonda. Deputatlığa namizəd Günel Səfərova seçicilərə müraciətində deyir ki, “platformam vətəndaşa xidmətdir, onu siz diqtə edəcəksiniz. Heç bir partiyanın üzvü deyiləm, çünki partiya qarşısında yox, vətəndaş qarşısında öhdəlik götürmək istəyirəm. Məhz buna görə də seçkilərə müstəqil namizəd kimi qatılmışam. Bitərəf də deyiləm, vətəndaşın tərəfindəyəm! Mən hakimiyyətin, nazirin, icra başçısının yox, vətəndaşın namizədiyəm! Mənə səs versəniz, mandata toxunulmazlıq sənədi kimi yox, sizin əmanətiniz kimi yanaşacam. Əmanətə isə heç vaxt xəyanət etməzlər!”.
Bax, bundan sonra bu sətirlərin müəllifi də üzünü GÜNEL SƏFƏROVA-nın seçicilərinə tutub ürəklə deyir: “Əziz seçici, vətəndaş öz gələcəyini bir səslə müəyyən edir. Siz öz ailə üzvünüzdən birini parlamentdə görmək istəyirsinizsə, 9 fevralda seçkiyə gəlin və GÜNEL SƏFƏROVA-ya səs verin!”.
Yuxarıda dediyim cümləni bir daha təkrarlayıram: Hər şey bu qədər sadə, həm də bu qədər mürəkkəb!..
Mən sadənin tərəfdarıyam: Seçkidə iştirak edin, bülletenlərin qalaqlanaraq qutuya atılmasına imkan verməyin, səsvermədə şəffaflığın qorunmasının iştirakçısına çevrilin. Belə olan halda Milli Məclisdə qanunların hazırlanmasında fəal iştirak edən, problemlərinizi həll etməyə qadir olan bir millət vəkilini – Günel Səfərovanı yanınızda görəcəksiniz. Bax, o zaman demokratiya, azad seçki sözlərinin anlamını da biləcək və özünüzü bəxtəvər hiss edəcəksiniz.
İndiyə qədər olduğu kimi yox!