“Günəmuzd işləyən və mövcud vəziyyətlə bağlı hazırda evdə olan və çalışmayan insanları maddi vəsaitlə təmin etmək lazımdır ki, bu müddət ərzində əziyyət çəkməsinlər, ailələrinə çörək və ərzaq ala bilsinlər”.
Bunu Yenicag.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov günəmuzd çalışan, hazırda koronavirusla bağlı heç yerdə işləməyən insanların maddi təminatlarının necə həll olunacağı ilə bağlı sualı cavablandırarkən deyib.
Millət vəkili Sosial Müdafiə Nazirliyinin siyahı üzrə bunu müəyyən edəcəyini bildirib:
“Bununla bağlı təkliflərimizi vermişik. İnsanlara maddi kömək olunacaq. Sosial Müdafiə Nazirliyi və İqtisadiyyat Nazirliyi təkliflər hazırlayır. Dünya ölkələrində də dövlət tərəfindən belə insanlara yardım olunur. Elektron sistem vasitəsi ilə həmin insanlar siyahıya alınacaq. Bu, o qədər də çətin məsələ deyil. Eyni zamanda, həmin insanları heç olmasa, ikiaylıq işıq və digər kommunal xərclərdən də azad etmək lazımdır. Bununla da bağlı təkliflərə baxılır”.
Vahid Əhmədov veriləcək qərarların Bakı şəhər və bölgələrdə yaşayan insanlara da şamil olunacağını bildirib:
“Bakı şəhəri və bölgələrimizdən günəmuzdla işləyən insanlar tərəfindən mənə çoxlu sayda zənglər olur və maraqlanırlar ki, bu vəziyyətdə sosial təminatları necə həll olacaq?Təkliflər verilib, dövlət tərəfindən müəyyən ediləcək qərarlardan asılı olaraq, addımlar atılacaq”.
Cəvahir