Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan Yenicag.az-a bildirilib ki, Günəşin fəallığı əvvəlki səviyyədə qalaraq həftə boyunca əsasən M sinif alışmalar qeydə alınıb.
Maksimal sinifli alışma 3784 regionunda qeydə alınıb. Günəşin səthində ləkələrin sayı azalaraq 170 ləkə müşahidə olunur. Həftə ərzində bir neçə Yerə istiqamətlənmiş komponentə malik tac kütlə atılması (TKA) qeydə alınıb. Hazırda Günəş küləyinin sürəti saniyədə 412 kilometrdir.
Avqustun 19-dan 25-dək C sinif alışmanın başvermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın başvermə ehtimalı 70 faiz, X (R3) sinif alışmanın başvermə ehtimalı isə 20 faizdir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə avqustun 19-21-də S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.
Günəş küləyinin sürətinin avqustun 19-21-də TKA-ın təsiri ilə yüksələcəyi proqnozlaşdırılır.
Geomaqnit sahəsinin sakit olacağı gözlənilir.