Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı orta olub, maksimal sinifli alışma M 1.4 sinifli alışma olub. Alışmalar nəticəsində II tip radioemissiya, həmçinin qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınıb. Günəş ləkələrinin sayı azalıb, hazırda Günəşin səthində 5 ləkə qrupu və 69 ləkə müşahidə olunur.
Şamaxı Astrofizika Rəsədxanasından Yenicag.az-a verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə ( maks: 602 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.
Hesabat dövründə Günəş küləyinin sürəti azalaraq maksimal sürət 527 kilometr/saniyə olub. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti 9 nT, radial istiqamətdə isə -7 nT olub. Hazırda Günəş küləyinin sürəti 325 kilometr/saniyə, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 5 nT, radial istiqamətdə isə -4 nT təşkil edir.
Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit-aktiv səviyyələrdə olub (4 Kp), geomaqnit qasırğaları baş verməyib.
Kosmik hava proqnozu – Proqnoz günlərində (28 avqust – 3 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 90 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı proqnozlaşdırılır.