Günəşin artan aktivliyinin Yerə ZİYANLARI: “Elektrik, rabitə və naviqasiya sistemlərinin pozulması, radiasiya təhlükəsinin…”

“Günəş aktivliyini və onların törədəcəyi maqnit qasırğalarını dəqiq proqnozlaşdırmaq mümkün deyil”.

Bu fikirləri son zamanlar Günəş aktivliyi nəticəsində intensivləşən geomaqnit qasırğaları və onun yarada biləcəyi fəsadlar barədə danışan meteoroloq Cavid Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, proqnozlar 2024-cü ilin maksimum Günəş aktivliyi ili olacağını göstərir:

“Günəşdə partlayışlar Günəşi təşkil edən hidrogen nüvələrinin nüvə birləşməsi reaksiyası nəticəsində heliuma çevrilməsindən yaranır. Geomaqnit qasırğaları Günəş aktivliyi nəticəsində Yerin maqnit sahəsinin pozulması nəticəsində əmələ gəlir. Günəş aktivliyi nəticəsində bütün Günəş sistemi boyunca fəzaya Günəş küləyi kimi tanınan yüklü hissəciklər atılır. Günəşin səthində güclü partlayışlar və püskürmələr Günəş sistemindəki maqnit sahələrinə təsir edərək tac kütləsinin sıçrayışla atılmasına gətirib çıxarır. Həddindən artıq Günəş aktivliyi maqnitosferi kəskin şəkildə sıxır və Yerə yaxın məkanda ionların tərkibini dəyişdirir.

Günəşin maraqlı cəhətlərindən biri də üzərində müşahidə edilən ləkələridir. Günəş ləkələri maqnit sahəsinin çox yüksək olduğu ərazilərdir. Günəş ləkələri orta hesabla 11 illik dövr ərzində artıb azalır. Təxminən 1645-ci ildən 1715-ci ilə qədər Günəş ləkəsi fəaliyyəti sıfıra yaxın olub. Araşdırmalara görə, həmin ərəfələrdə Yer kürəsinin bəzi hissələrində tempertur rejimində ciddi dəyişmələr baş verib. Beləliklə, Günəşin aktivliyi Yerin iqliminə də əhəmiyyətli təsir göstərir. Yer atmosferinə böyük təsir göstərə bilən Günəş ləkələrinin yüksək artımı zamanı ultrabənövşəyi şüalanma kəskin şəkildə artır.

Günəş aktivliyi nəticəsində yaranan geomaqnit fırtınaları və ya “kosmik hava”, elektrik, rabitə və naviqasiya sistemlərinin pozulmasına, peyk aparatlarının zədələnməsinə, canlılar üçün radiasiya təhlükəsinin yaranmasına, meteohəssas insanlar, yaşlılar və xroniki xəstələrin həssaslığının artmasına, sürətlə dəyişən geomaqnit sahələri boru kəmərlərində geomaqnit induksiyalı cərəyanlar yaratmaqla boru kəmərinin korroziya dərəcəsinin kəskin şəkildə artması və ölçü cihazların iş fəaliyyətinin pozulması kimi təzahürlərə səbəb ola bilir.

Günəş aktivliyini və onların törədəcəyi maqnit qasırğalarını dəqiq proqnozlaşdırmaq mümkün deyil. Bunu yalnız geomaqnit vəziyyətində ümumi tendensiyaları müəyyən etmək mümkündür.

Heliofiziklərin proqnozlarına görə, 2024-cü ilin maksimum Günəş aktivliyi ili olacağı təxmin edilir. Yer kürəsində maksimum Günəş aktivliyi və maqnit qasırğalarının may-iyun aylarında artacağı və aktivliyin ilin sonuna qədər azala biləcəyi proqnozlaşdırılır”.

İsmayıl Bakuvi

COP29