“Günəşli” yatağında baş verən FACİƏ ilə bağlı – RƏSMİ MƏLUMAT

12246982-10206924037171439-8590805644151914238-nAzərbaycan Respublikası Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğu “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza ilə əlaqədar birgə məlumatı yayıb.

APA-nın xəbərinə görə, məlumatda bildirilib ki, dekabrın 4-də saat 17.40 radələrində nəhəng dalğalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəmərini zədələnib, şiddətli yanğın baş verib.

Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılıb, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb. Lakin texnoloji sistemlərdə və boruda olan qalıq qazın hesabına yanğın hələ davam edir. Ehtimal olunur ki, hazırda davam edən yanğın özüldəki neft və ya qaz quyularına da keçib.

Təlimata və təxliyyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədi ilə işçilər özüldəki iki xilasedici qayığa minərək, qayıqları aşağı buraxıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb.

Qəza baş verəndən 15-25 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin “Günəşli” yatağında növbədə olan “Vixr-9” yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə “Vixr-5” yanğınsöndürən, “Avior” dalğıc, “Samir Quliyev” yedək gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlayıblar. Eyni zamanda, “Azəri-Çıraq-Günəşli” yataqlarında növbədə olan müasir naviqasiya sistemi ilə təchiz edilmiş “Topaz-Diqnizi”, “Endeavour”, “Protektor”, “Lənkəran” gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunublar.

Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməyib. Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz edib. Eləcə də alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini çətinləşdirib. Təqribən 22.45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq, içindəki adamlarla birlikdə dənizə düşüb. Yaxındakı gəmilər vasitəsi ilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olub. Qaranlıq və qasırğalı hava şəraitində ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi böyük risk və təhlükə yaratdığı üçün təxliyyə işlərinin hava işıqlandıqdan sonra davam etdirilməsi qərara alınıb.

Dekabrın 5-də ağır hava şəraitinin hələ də davam etməsinə baxmayaraq, ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi əməliyyatı həyata keçirilib. Belə ki, saat 08:02-də Fövqəladə Hallar Nazirliyinə məxsus, göyərtəsində 15 xilasedici olan 2 ədəd helikopter hadisə yerinə cəlb olunub. Lakin yüksək temperaturdan helikopterlər özüldə eniş edə bilməyib, 3 və 5 saylı qonşu özüllərə enib. Bir qədər sonra FHN-in həmin xilasedicilərinin bir qrupu “Azal” QSC-yə məxsus helikopterlə, digər qrupu isə “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Müslüm Maqomayev” gəmisi ilə özülə çıxıb, qayıqdan 26 nəfər, özüldən 3 nəfəri təxliyyə edərək həmin gəmiyə götürüblər. Beləliklə, cəmi 32 nəfər təxliyyə edilib, 1 nəfərin isə cəsədi sudan çıxarılıb. Bu gün səhərdən birinci xilasedici qayıqdan dənizə düşmüş insanların axtarışı akvatoriyada olan SOCAR və “BP” şirkətlərinin, FHN və Dövlət Sərhəd Xidmətinin gəmiləri və FHN helikopterləri vasitəsilə davam etdirilir. Müşahidə zamanı özüldən, təqribən, 50 km cənubda içərisi boş qayıq müəyyən edilib, bununla bağlı Dövlət Dəniz Administrasiyası vasitəsilə yaxınlıqdakı gəmilər məlumatlandırılıb. SOCAR-ın prezidenti və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi özüldə əməliyyata bilavasitə rəhbərlik edirlər.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hadisənin baş vermə səbəbləri, vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, eyni zamanda zəruri prosessual hərəkətlər yerinə yetirilir.

Baş vermiş qəza ilə əlaqədar Azərbaycan Prezidentinin sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Komissiyanın rəhbəri baş nazir Artur Rasi-zadə təyin olunub.

İtkin düşənlərin axtarışı və xilasetmə işlərinin gedişi barədə Azərbaycan Prezidentinə mütəmadi məlumat verilir

***

“Günəşli” yatağının yanğın baş vermiş 10-cu Dərin Dəniz Özülündən təxliyyə edilmiş neftçilərin bir qismi Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Bu barədə APA-ya xəstəxananın baş həkimi Həbib Yüzbaşıyev məlumat verib.

Baş həkimin sözlərinə görə, artıq 20 nəfər xəstəxanaya yerləşdirilib.

“Onların vəziyyəti stabildir və daim nəzarət altındadır” deyə baş həkim bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağında yanğın baş verib. Məlumata görə, yanğın baş verən özüldən 32 nəfər xilas edilib, bir nəfər isə həlak olub. Digər şəxslərlə bağlı axtarış-xilasetmə işləri davam etdirilir.