Güney Azərbaycan və DÜNYA GÜNDƏMİ: “Rəsmi Bakı bu məsələdə açıq oynamaqdan çəkinməməlidir” – RƏY

“Azərbaycan BMT-dən başlayaraq digər beynəlxalq platformalarda İran rejiminin türk əhaliyə qarşı antiinsani siyasətini ifşa etməlidir”.

Bu fikirləri Güney Azərbaycan məsələsinin beynəlxalq platformalara çıxarılması istiqamətində Rəsmi Bakının mümkün addımlarını dəyərləndirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın bütün antiAzərbaycan fəaliyyəti məhz dövlət tərəfindən tənzimlənir və idarə olunur:

“Şəxsən mən illərdir, ən müxtəlif platformalarda bu məsələni dəfələrlə qaldırmışam, xüsusilə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun toplantılarında İranda azərbaycanlıların milli hüquqlarının pozulmasına dair çox sayda çıxışlarım var. Bu öz yerində.

Mənə belə gəlir ki, Azərbaycan bu müstəvidə artıq dövlət səviyyəsində açıq oynamaqdan çəkinməməlidir. Ona görə ki, İranın bütün antiAzərbaycan fəaliyyəti məhz dövlət tərəfindən tənzimlənir və idarə olunur. Yəni İran İslam Cümhuriyyəti adlı dövlətin rəhbərliyi Azərbaycan əleyhinə aparılan təbliğatın arxasında dayanır.

Belə olan şəraitdə Azərbaycan dövləti niyə təmkinli davranmalıdır? Fikrimcə, Azərbaycan BMT-dən başlayaraq digər beynəlxalq platformalarda İran rejiminin türk əhaliyə qarşı antiinsani siyasətini ifşa etməlidir.

Yeri gəlmişkən, elə bu gün, noyabrın 24-də Cenevrədə İranda insan haqlarının vəziyyəti ilə bağlı BMT-nin İnsan Hüquqları Komissarlığının dinləməsi keçirilir və mən də bu tədbirə videoməruzə göndərmişəm. Həmin videomaterial BMT-nin müvafiq bazasında yerləşdirilib. Çalışırıq ki, bu məsələni beynəlxalq səviyyədə mümkün olan qədər gündəmə gətirək”.

A.Zeynalov