“İndi baxırsan, rejimin deputat görmək istədiyi adamlar təbliğat aparmaq üçün Güney Azərbaycana tez-tez gəlirlər”.
Bu fikirləri İranın tərkibində olan Qərbi Azərbaycan vilayəti valisinin son 1 il ərzində həyata keçirilən “təhlükəsizlik tədbirləri” sayəsində bölgənin “inkişaf yolu”na çıxmasına dair iddiasına münasibət bildirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, valinin bu iddiası molla rejiminin hər seçki ərəfəsində təkrarlanan təbliğat siyasətinin tərkib hissəsidir:
“Bu kimi fikirlərin ortaya atılması seçki dönəmi üçün xarakterik haldır. Guya çox geniş təhlükəsizlik tədbirləri görülüb və həmin vilayət də tərəqqi yoluna çıxıb. Aydın məsələdir ki, bütün bunlar rejimin təbliğatına xidmət edir. Ona görə də, seçki dövründə belə iddialara hələ çox ortaya atılacaq.
Təhlükəsizlik tədbirlərinə gəldikdə, burada bəzi qaçaqmalçılıq, silah, narkotik daşımaq halları olub. Ancaq bunların Güney Azərbaycana aidiyyatı yoxdur. Konkret desək, o ərazidə yaşayan kürdlərin bir qismi daşımaçılıqla məşğuldur və onların arasında belə işlərə bulaşanların olması realdır. Onlara qarşı mübarizəni inkişafla bağlamaq absurddur.
İndi baxırsan, rejimin deputat görmək istədiyi adamlar təbliğat aparmaq üçün Güney Azərbaycana tez-tez gəlirlər. O gün də onlardan biri Biləsuvara gəlib xalqın qarşısında farsca danışırdı. Təsəvvür edin, oradakı əhalinin əksəriyyəti türk olaraq onu başa düşməsə də, çıxışlarını farsca edirlər. Əlbəttə ki xalqın onlara heç bir etimadı yoxdur. Belə təbliğatlar nəticəsi olmayan boş işlərdir”.
Nəsimi Ələsgərli