Qızlar günü… Nəyi xatırladır və ya nələri vəd edir bu məfhum bizə? Hansı ümidlərimizi cücərdir, gələcəyə doğru hansı baxışımızda müsbət dəyişiklik yaradır, hansı inamı doğurur bizdə?
Keçmişdən gələn ənənəvi sitatları və ya yazılmamış qanunları dəyişdirsin bu günün mövcudluğu…
“Qız yükü,duz yükü” deyirdilər ;deməkləri bir kənara, bu qavramı əsrlər boyu şüuraltımıza yeridən nəsillər vardı ki, o nəslin davamçıları olmaq istəmirik daha.
Bir nəsildən digər bir nəslə yoxsulluğun, şiddətin, sosial təcridin və ayrı-seçkiliyin miras qalmamasını, həmçinin ədalətli və davamlı inkişafa nail olmaq istəyirik artıq.
Yaşadığımız dövrdə -ən müasir texnologiyaların dünyanı idarə etdiyi dövrdə, eranın bu çağında belə hələ də elə ailələr var ki, orada qızlara, qadınlara qarşı fərqli yanaşmalar, ayrı-seçkilik mövcuddur. “Oğlun oldu qırmızı çadıra, qızın oldu qara çadıra keç” düşüncəsinin varlığı belə insanın qəlbini titrədirsə, qızlarımızı gözardı etməyimizin (bəzi hallarda) səbəbi nədir? Qızların təhsil almasına və davam etdirməsinə bir cox maneələr olur, bəzən elə səbəblər var ki, çarəsizlikdən doğur hətta. Bu çarəsiz halları nəzərə almasaq, irəliyə doğru birgə —“birimiz hamımız üçün” şüarı ilə çalışsaq, günəş nuru kimi həyatımıza işıq salan qızlar yetişər, hansı ki hər biri sabahın bir ailəsidir, anasıdır, müəllimidir. Cəmiyyətimizdə bəzən yoxsulluğun əmələ gətirdiyi çatışmazlıqlar, erkən yaşda evlilik, hamiləlik, gender əsaslı zorakılıq (məhz qız olduğu üçün) və əsasən də qadınların, qızların statusu ilə bağlı köhnəlmiş adət-ənənələr, stereotiplərin var olduğu müddətdə heç bir irəliləyişdən söhbət gedə bilməz.
Uşaq və yeniyetmələrin, o cümlədən qızların əsl şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ilk öncə ailə məsuliyyət daşıyır.
Kimdir qızların ilk və əsl qəhrəmanı? Ataları…
Gözünü açıb atadan şiddət görən qızın nəzərində kişi faktoru necə formalaşar? Ailə məfhumu necə dəyərlənər?
Ailənin müqəddəsliyini, mənəvi dəyərlərini qızlara ilk öncə valideynləri aşılamalıdır. Bəli, burada söhbət əyani göstərməkdən- düzgün yaşayış tərzindən gedir. Düzgün psixoloji cəmiyyətdə, normal düşüncəyə malik ailədə böyüyən bütün qızlar cəmiyyətdə sağlam yer tuta biləcəklər. Gələcəyimizin, sağlam nəsillərin formalaşması naminə qızlarımıza dəstək çıxaq, sevək və sevdirək. Fiziki və mənəvi cəhətdən sağlam böyüyən hər bir qız sağlam da ailə başçısı olacaq. Hər sağlam ailə də dövlətin sütun təməllərindən biridir.
Bütün bu qanunauyğunluqlara əlavə olaraq, onu da deyim, “qız sevilməzmi?” Qız övladı günəşdir, enerjidir, xoşbəxtlikdir, qayğıdır, mehribanlıqdır, səmimiyyətdir, ata-anaya nəvazişdir. Öz qayğısına qalmaq istəyən hər bir kəs bu üstünlüklərə sahib olmağa çalışmalıdır,məncə. Bu xoşbəxtliyin adı qızdır. Hər kəsin bir qızı olmalı…
“Qızı olmalı insanın…
Canını əmanət etdiyin,
əlin, ayağın, gözün, qulağın, her şeyin…
Nəşəsi nəşən, kədəri kədərin, ağrısı ağrın …
Qızı olmalı insanın…
Evində atasına, anasına qarşı nazlı – qəmzəli, nazənin,
Küçədə yad baxışlardan qorxduğun, çəkindiyin…
Əxlaqına, saflığına şübhə etmədiyin, inandığın.
Qızı olmalı insanın…
Hər kəs səni tərk etdiyində,
varlığında da, yoxluğunda da, evliykən də, subaykən də,
“Əziz atam” ya da “Əziz anam” deyə qucaq açdığında,
Göz yaşları içində bağrına basdığın…”
Həsən Çələbi.
Gününüz mübarək,əziz qız balalar. Allah bəxtinizi gözəl yazsın.
Gününüz mübarək, hələ də körpə qız övladı qalan, həsrət yükündən böyüyə bilməyən qadınlar…