“Burada Zəngəzur müstəvisində yaşanan gərginliyin Gürcüstana, bizim soydaşlarımızın yaşadıqları əraziyə transformasiya olunma ehtimalı da yox deyil”.
Bu fikirləri svan etnik qrupuna mənsub şəxslərin Dmanisi rayonunda yaşayan azərbaycanlılara qarşı hücumu haqqında Yenicag.az-a danışan “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.
Zəlimxan Məmmədli Gürcüstan hakimiyyətinin məsələ ilə bağlı Azərbaycana aydın mövqe ifadə etməli olıduğunu qeyd edib:
“Bu, məqsədyönlü şəkildə idarə olunan prosesə bənzəyir. Kütləvi şəkildə hücum edirlərsə, bunu təşkil edən var. Dmanisi hər zaman PKK-erməni əməkdaşlığının diqqət mərkəzində olub. Burada etnik zəmində qarşıdurma yaradıb Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirmə meyli də var.
Gürcüstan siyasi hakimiyyəti – baş nazir, prezident buna birbaşa müdaxilə etməlidir, onlar məsələni nəzarətə götürüb Azərbaycana aydın mövqe ifadə etməlidirlər. Bu cinayətkarlar dərhal həbs edilməli, onlara ən ağır cəza verilməlidir ki, gələcəkdə belə halların baş verməsinin qarşısı alınsın”.
Zəlimxan Məmmədli hadisənin emosional müstəviyə daşınmasının əleyhinə olduğunu da vurğulayıb:
“Məsələni emosional müstəviyə daşımaq olmaz. Bunu Kreml və onunla eyni platformaları bölüşən qüvvələr istəyə bilər. Burada Zəngəzur müstəvisində yaşanan gərginliyin Gürcüstana, bizim soydaşlarımızın yaşadıqları əraziyə transformasiya olunma ehtimalı da yox deyil.
Bizim siyasi qurumlarımız bu hadisəni blokadaya almalıdırlar, Gürcüstan siyasi hakimiyyətini ora dəvət etməlidirlər. Azərbaycan-Türkiyə-Gürcüstan yaxınlaşmasını istəməyən kifayət qədər qüvvələr var: İran da buradadır, Rusiya da. “Borçalı” Cəmiyyəti də prosesi nəzarətda saxlayacaq, Azərbaycan cəmiyyətinə obyektiv bilgilər verəcək”.
Aqil Bəkir