Gürcü politoloq: “Abxaziyadan keçən nəqliyyat dəhlizi Gürcüstan üçün fəlakət olacaq”

Gürcüstanın “Rezonansi” qəzeti və Fransanın RFI radiosu bu ölkənin işğal altında olan ərazilərindən keçən nəqliyyat dəhlizinin yaradılacağı haqda xəbər yayıb.

Yeniçağ.Ru-nun məlumatına görə, bu layihənin həyata keçirilməsi ilə məşğul olan İsveçrə şirkəti Tbilisi və Moskva ilə apardığı danışıqları martın sonuna kimi yekunlaşdırmağı nəzərdə tutur.

Layihənin razılaşdırılacağı təqdirdə, Gürcüstan və Rusiya işğal altındakı Abxaziya ilə Cənubi Osetiyadan keçməklə Ermənistana nəqliyyat dəhlizi açacaq.

“Rezonansi”n bununla bağlı yayımladığı materialda qeyd olunur ki, Rusiya özünün Gürcüstanla sərhədinin Abxaziyadan və Cənubi Osetiyadan keçən hissəsində yük dövriyyəsinin monitorinqinin aparılmasına razılıq verib. Bununla bağlı 2011-ci ildə əldə olunan razılaşmaya əsasən, həmin ərazilərdə müasir audit və yüklərin dövriyyəsinin müşahidəsi üçün xarici şirkət tərəfindən monitorinq aparılacaq.

Gürcüstanlı politoloq Gela Vasadze bununla bağlı Yeniçağ.Ru-ya müsahibəsində sözügedən layihənin həyata keçməsinin Gürcüstan üçün fəlakət olacağını bildirib:

“Abaşidze-Karasin görüşündə əldə edilən razılaşmanın mahiyyətini başa düşən Gürcüstan vətəndaşlarında ciddi narahatlıq doğurub. Bu, proqnozlaşdırılan bir vəziyyətdir. Eyni zamanda, mən də özümün Gürcüstanın xarici siyasəti ilə bağlı 2017-ci ilin riskləri haqqında məqaləmdə bu məsələdən bəhs etmişdim. Təbii, mən gələcəkdən xəbər verən şaman deyiləm. Lakin aydındır ki, Cənubi Qafqazda hegemonluğunu bərpa etməyə çalışan Rusiya üçün iqtisadi və siyasi baza yaratmaq çox vacibdir. Siyasi baza – bu, bizim ölkələrdə əvvəlcə loyal, daha sonra isə neoimperiya mərkəzindən tam asılı olan hakim elitanın formalaşdırılmasıdır. İqtisadi baza isə – hər şeydən əvvəl şimal qonşumuzdan enerji və logistik asılılığın yaradılmasını nəzərdə tutur. Belə ki, biz hələlik, Kremlin “step-by-step” strategiyasının icrasını sadəcə, müşahidə edirik və o baxımdan, növbəti addımları təxmin etmək çətin deyil”.

Gela Vasadze Gürcüstanın işğal altında olan əraziləri – Abxaziya ilə Cənubi Osetiyadan keçməklə Ermənistana nəqliyyat dəhlizinin açılmasına rəsmi Tiflisin hansı əsasla razılıq verə biləcəyi barədə bunları deyib:

“Gəlin hər şeyi öz adı ilə çağıraq. 2008-ci ildən bu yana Abxaziyada və Samaçabloda (Cənubi Osetiya – red.) separatçılar yox, Rusiyanın işğal administrasiyasının qulluqçuları var. Həmin administrasiyanın bir hissəsinin seçkilər yolu ilə formalaşdırılması vəziyyəti dəyişmir. Əgər bizim məmurlar və vətəndaş cəmiyyətinin təmsilçiləri bu situasiyadan baş çıxartsaydılar, bir sıra anlaşılmazlıqlardan qaçmaq mümkün olardı. Ərazilər işğal altındadırsa, o torpaqlardan keçən hansı nəqliyyat dəhlizindən danışmaq olar?”

Politoloqun fikrincə, Gürcüstanın bu plana qarşı çıxmaması onün üçün fəlakətlə nəticələnə bilər:

“Şübhəsiz ki, Moskva nəqliyyat dəhlizi ideyasından sonra bir sıra başqa layihələrin və regionla bağlı məlum planların həyata keçirilməsinə çalışacaq. Sözügedən məsələ Gürcüstan üçün fəlakət deməkdir. Çünki bu, Abxaziya ilə Cənubi Osetiyanın tanınmasına, Rusiyanın regionda hərbi təsirinin artmasına gətirib çıxaracaq. Ermənistana onsuz da Gürcüstan limanları və İran vasitəsilə mallar maneəsiz göndərilir – yəni burada blokadadan söhbət gedə bilməz. Ancaq hərbi-siyasi baxımdan, Abxaziyadan keçən dəmiryolunun açılması bütün regiona mənfi təsir göstərəcək”.

Yeniçağ.az