Gürcülərin “İTİQOVAN ƏMƏLİYYATI”: “Poznerin qovulması Rusiyanın siyasətinə etirazdır” – Zəlimxan Məmmədli
“Bu, Rusiyanın Qafqaza, xüsusilə də Gürcüstana yönəlik aqressiv mövqeyinə cavab reaksiyasıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında rusiyalı telejurnalist Vladimir Poznerin doğum gününü Gürcüstanda qeyd etməsinin etirazla qarşılanması fonunda onun ölkədən qovulmasını dəyərləndirən “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli deyib.
Zəlimxan Məmmədli qeyd edib ki, Gürcüstan cəmiyyətinin separatçılığı dəstəkləyən şəxsə qarşı bu davranışı alqışlanası addımdır:
“Bu, Rusiyanın Qafqaza, xüsusilə də Gürcüstana olan aqressiv mövqeyi ilə bağlı olan cavab reaksiyasıdır. Rusiya işğalçıdır, Gürcüstanın konkret ərazilərini işğal edib, separatçılığı dəstəkləyir, Gürcüstanda demokratiki inkişafı təhdid edir və bu ölkədə hakimiyyətin dinc, demokratik qaydada dəyişməsi ənənəsini pozur.
Bu da, təbiii ki, Gürcüstan cəmiyyətində aqressiyanın formalaşmasına gətirib çıxarır. Normal münasibətlər olsaydı, qətiyyən problem yaranmazdı, ancaq bu gün baş verənlər Gürcüstan cəmiyyətinin aktiv təbəqəsinin Rusiyanın aqressiv siyasətinə qarşı mövqeyidir. Rusiyanın imperiya ambisiyası, Poznerin də şəxsi mövqeyi Gürcüstan tərəfindən qəbul edilmirsə, buna etiraz varsa, mən bunu alqışlayıram”.
Aqil Bəkir