Gürcüstan daxili işlər naziri Dmanisiyə getdi

Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri azərbaycanlılarla svanlar arasında qarşıdurmaların baş verdiyi Dmanisi şəhərinə gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə “İnterpress.ge” məlumat yayıb. Qomelauri çıxışında münaqişənin millətlərarası qarşıdurmaya çevrilməsinə imkan verməyəcəklərini və bütün günahkarların ciddi şəkildə cəzalandırılacağını bildirib.

“Etnik baxımdan azərbaycanlılar və gürcülər bizim vətəndaşlarımızdır, əsrlər boyu birlikdə yaşayıblar, hamısı bizim qardaşlarımızdır. Bu mövzu millətlərarası polemikaya çevrilməməlidir. İstintaq başladılıb, dindirilmə davam edir”-, deyə Gomelauri bildirib.

Polisin vəziyyəti niyə vaxtında həll edə bilmədiyi ilə bağlı suala isə Qomelauri “bu qədər böyük bir izdiham idarə edilə bilməz”,-deyə cavab verib.

“Pis bir vəziyyət idi, sizinlə razıyam, əlbəttə insanlar çox tez toplandılar və qısa bir zamanda xaotik vəziyyət ortaya çıxdı. Dünəndən sonra əlavə qüvvələr cəlb edildi, lakin bu qüvvələr də yetərli deyildi. Təəssüf ki, bu qədər böyük bir kütlə idarə oluna bilmədi və Dmanisiyə əlavə qüvvələr göndərilib. Bu səbəbdən insanları və bu qarşıdurmanı anında dayandırmaq mümkün olmadı. Etnik azərbaycanlılar bizim vətəndaşımızdır, Azərbaycan strateji tərəfdaşımız, qonşumuz, müttəfiqimiz, dostumuzdur. Buna imkan verməməliyik, bunun etnik bir məsələ olduğunu söyləyənlər bu ölkənin düşmənləridir”.

Onun sözlərinə görə, Gürcüstan parlamentinin millət vəkilləri də Dmanisiyə gələrək hər iki tərəflə görüşlər keçirəcək.