Gürcüstan dəyişikliklərə gedir – Rəsmi Tbilisi Rusiya ilə əməkdaşlığa gedir?

“Gürcüstan hakimiyyətinin konstitusiyanın dəyişdirilməsi ilə bağlı qərarının Rusiya ilə əlaqədar olduğunu düşünmürəm”.

Bu sözləri Yenicag.az-la söhbətində siyasi təhlilçi Mürtəza Bünyadlı söyləyib.

Politoloq Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” alyansının Abxaziya və Cənubi Osetiyanın işğaldan azad olunması ilə bağlı konstitusional dəyişikliklərin olması haqqındakı bəyanatına münasibət bildirib.

“Doğrudur, mövcud “Gürcü arzusu – Demokratik Gürcüstan” Rusiyameylli siyasəti ilə seçilir, lakin burada əsas diqqət payızda keçiriləcək parlament seçkilərinə yönəlib. Həmçinin Gürcüstan-Rusiya münasibətlərinin tənzimlənməsində də məhz Abxaziya və Cənubi Osetiya məsələsi dayanır. Baxmayaraq ki, bu gün Gürcüstanda rusiyapərəst qüvvələr olsa da, işğal faktoru Tbilisi ilə Moskva arasında münasibətlərin normallaşmasına heç cür imkan verə bilmir”, – deyə M. Bünyadlı qeyd edib.

Onun fikrincə, indiyə qədər Rusiya ilə Gürcüstan arasında İsveçrənin Cenevrə şəhərində bir neçə raundlu danışıqlar keçirilsə də, bunların hamısı iflasa uğrayıb:

“Təbii ki, Gürcüstanın mövcud iqtidarı cəmiyyətdə reytinqini itirdiyinə və Qərbin oradakı aktivliyinin artırmasına görə “Gürcü arzusu” iqtidarı özünə reytinq toplamaq bu məsələni qaldırmaqla ölkənin maraqlarının müdafiəsinin tərəfdarı olduğunu bəyan edib. Təbii ki, hazırkı hakimiyyət Gürcüstanın mövcud ərazi bütövlüyünü istəsə də, burada siyasi manipulyasiya da mövcuddur”.
Mütəxəssis əmindir ki, bu gün beynəlxalq aləm Gürcüstanın ərazi bütövlüyünü tanıyır:

“Amma, istənilən halda, Abxaziya və Cənubi Osetiyanın işğalı Rusiya-Gürcüstan münasibətlərinə mənfi təsir edir. Bunun üçün ilk növbədə, Rusiya separatçı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasından imtina etməlidir. Əgər Moskva bundan imtina etməyəcəksə, Gürcüstan konstitusiyasında hansısa dəyişikliklərin edilməsi Tbilisi-Moskva münasibətlərinin tənzimlənməsinə imkan verməyəcək. Əksinə, konstitusiyaya dəyişiklik o ola bilər ki, Gürcüstan bu işğal faktoru ilə hesablaşsın və bu halda, Rusiya-Gürcüstan münasibətləri yeni müstəviyə qədəm qoya bilər. Lakin mövcud konstitusiyada Abxaziya və Cənubi Osetiya hələ də Gürcüstanın ərazisi hesab olunur”.

“Yəqin ki, Gürcüstan hakimiyyəti dəyişiklik deyəndə bunu nəzərdə tutur. Təbii ki, bu məsələ baş verərsə, Gürcüstan həm Qərblə, həm də Rusiya ilə münasibətlərini tənzimləyə biləcək. Gürcüstanın Avropa İttifaqına üzvlük məsələsində bu mövzu da ortada dayanır. Çünki Aİ və NATO-ya üzvlük məsələsində ərazi bütövlüyünün pozulması bunun qarşısını alır. Fikrimcə, Tbilisi administrasiyası bu dəyişikliklə işğal faktı ilə hesablaşacaq. Gürcüstanda hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, ərazilərin işğalı Rusiya ilə sıx əməkdaşlığa imkan vermir”, – o, fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının bəyanatda bildirilir ki, Gürcüstanın əsas milli vəzifələrindən biri onun ərazi bütövlüyünün bərpasıdır.

Qeyd olunub ki, Abxaziya və Cənubi Osetiya əraziləriinn sülh yolu ilə ilhaqı halında konstitusiyaya elə düzəlişlər etmək lazımdır ki, dövlət idarəetmə sistemi yeni reallıqlara uyğun olsun.

Rafi Müslümov

COP29