Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində baş verə biləcək təxribatlarla bağlı xəbərdarlıq yayıb.
Yenicag.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, DTX-nın yaydığı bəyanatda hakimiyyət qolları arasında qarşıdurmanı, habelə hökumətlə pravoslav kilsəsi arasında düşmənçiliyi qızışdırmaq üçün saxta materialların yayılması planlaşdırıldığı qeyd olunub.
“Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatında deyilir ki, siyasi dairələrlə əlaqəli qruplar Gürcüstanda parlament seçkiləri öncəsi dövlət məmurlarının süni intellekt və digər müasir texnologiyaların köməyi ilə montaj edildiyi iddia edilən video və audio yazılarını yaymağı planlaşdırır”, – KİV-lərdən biri yazıb.
Gürcüstanda parlament seçkiləri oktyabrın 26-na təyin edilib. İlk dəfə seçkilər yalnız proporsional sistem üzrə (partiya siyahıları əsasında) və geniş miqyasda elektron texnologiyalardan – səslərin yoxlanılması və hesablanması aparatlarından istifadə edilməklə keçiriləcək.
Dövlət Təhlükəsizliyi Xidməti qeyd edib ki, saxta çəkilişlərdə Gürcüstan hakimiyyəti nümayəndələrinin səsləri və video görüntülərindən istifadə olunacaq. Saxtalaşdırılan səs yazıları Dövlət Təhlükəsizliyi Xidmətindən sızan məlumat kimi ictimaiyyətə təqdim olunacaq və bu, bir tərəfdən qurumu nüfuzdan salacaq, digər tərəfdən isə hakimiyyət qolları arasında dissonans yaradacaq.
“Bu təxribatın əsas məqsədi süni şəkildə etiraz əhval-ruhiyyəsinin yaradılması və gücləndirilməsi, ölkədə sabitliyin pozulması ocaqlarının yaradılmasıdır ki, bu da son nəticədə siyasi məqsədlər üçün istifadə olunacaq”.
İdarədən bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti bu qruplaşmaların fəaliyyətini diqqətlə izləyir və hər hansı qanun pozuntusu aşkar edilərsə, müvafiq tədbirlər görüləcək./unikal