“Gürcüstan Ermənistan üçün yol açarsa…” – Rusiyalı ekspert

“Sərkisyanın Tiflisə səfərini Gürcüstan-Ermənistan münasibətlərində “sıçrayış” kimi qiymətləndirmirəm”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Gürcüstanın Abxaziya ərazisindən Ermənistan üçün yol açması imkanlarını şərh edən Rusiyalı ekspert Andrey Yepifantsev deyib.

Politoloq qeyd edib ki, Ermənistan prezidenti Serj Sərkisyanın Gürcüstana son səfəri şişirdiləcək bir hadisə deyil:

“Mən Gürcüstan və Ermənistanın bəzi nəşrlərindən fərqli olaraq, Sərkisyanın Tiflisə səfərini “sıçrayış” kimi qiymətləndirmirəm. Çünki səfər zamanı hansısa ciddi müqavilə imzalanmadı və yeni siyasi yanaşma ortaya qoyulmadı. Bu, bir prezidentin yaxşı münasibətləri olan, lakin ciddi mövqe fərqlərinə görə birgə layihələr həyata keçirə bilmədiyi qonşu dövlətə adi bir səfəri idi”.

Yepifantsev əlavə edib ki, yuxarıda qeyd olunanlar Ermənistan üçün Abxaziya və Cənubi Osetiyadan yol açılması məsələsinə də şamil oluna bilər:

“Bu istiqamətdə danışıqlar artıq 4-5 ildir aparılsa da, maraqların toqquşması səbəbindən razılığa gəlmək mümkün olmayıb. Gürcüstan Ermənistan üçün Abxaziyadan yol açılmasına razılaşarsa, bu, faktiki olaraq, Tiflisin Abxaziyanın müstəqilliyini tanıması demək olacaq və həmçinin, Azərbaycanla Türkiyənin kəskin etirazı ilə qarşılanacaq. İqtisadiyyatı Azərbaycan və Türkiyədən asılı olan Gürcüstan belə bir addım ata bilməz. Bu ziddiyyətlər Sərkisyanın Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş əsgərlərin memorial kompleksini ziyarəti və ora əklil qoyarkən də qabarıq göründü”.

Ekspert hesab edir ki, Sərkisyan həmin memorialı ziyarət etməklə, çətin vəziyyətə düşüb:

“Yəqin memorialın ziyarət edilməsi Gürcüstanın təkidi ilə baş verib. Çünki bu addım Abxaziya və Cənubi Osetiya məsələsində Gürcüstana dəstək kimi qiymətləndirilir. Yəni o memorialı ziyarət etmək “Sən bizim, yoxsa onların tərəfindəsən?” sualı baxımından aktual idi. Ona görə də Sərkisyan üçün qətiyyən asan vəziyyət deyildi.

Digər tərəfdən, Sərkisyanın bu addımı Abxaziyanın və Gürcüstana qarşı döyüşmüş Abxaziya ermənilərini məmnun etməyəcək. Mən başa düşmürəm, Sərkisyan abxazların düşməni ilə həmrəy ola-ola, onları Ermənistan üçün yol açılmasının zəruriliyinə necə inandıracaq? Ona görə də mən yaxın gələcəkdə belə bir yolun açılacağını təsəvvür etmirəm”.

COP29