Gürcüstan İKİ OD ARASINDA: “Cəmiyyət qütblərə bölünüb”

“Qərb ölkələrinin Gürcüstana qarşı sanksiyalar tətbiq etməsi böyük prosesin başlanğıcıdır”.

Bu fikri Gürcüstanda baş verən prosesləri Yenicag.az-a şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.

O, bildirib ki, Gürcüstanda cəmiyyət faktiki olaraq iki qütbə bölünüb:

“Gürcüstandakı hökumətin Rusiyayönümlü olması haqqında iddialar var. Çünki Bidzina İvanişvilinin kapitalının əsas hissəsinin Rusiyada olması barədə fikirlər səsləndirlir. Faktiki olaraq Qərbə qarşı müqavimət Gürcüstan hökumətinin Rusiyayönümlü olmasını göstərir. İndiki zamanda oliqarxın imkanları Qərbin sağlam ideyalarını üstələdi”.

“Gürcüstan Baş naziri Avropa İttifaqına inteqrasiyanı dondurdu. Bu, o deməkdir ki, sonrakı mərhələlərdə avtokratiyanın elementləri büruzə verəcək. Biz bunların müəyyən formada işartılarını da görürük. Meydanda dinc nümayişlərə qarşı kəskin addımların atılması bunun təzahürdür. Bu, o demək deyil ki, bir tərəf qalib gəldi, digər tərəf məğlub oldu. Faktiki olaraq, Gürcüstan cəmiyyəti iki qütbə bölünüb: bir tərəf Rusiyanı, bir tərəf isə Qərbi seçib. Bu proses davam edəcək. Dünyanın inkişaf etmiş, mütərəqqi cəmiyyətləri birmənalı şəkildə xalqın yanında olması haqqında bəyanatlar verir. Hətta ayrı-ayrı dövlətlərin, ayrı-ayrı fərdlərə sanksiyalar tətbiq etməsi böyük prosesin başlanğıcıdır”.

Səxavət Məmməd