“Gürcüstan tərəfində həmkarım tez-tez dəyişirdi” – Nazir müavini

“Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların fəaliyyəti davam edir”.

Yenicag.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bildirib ki, müəyyən müddət komissiyaların iclaslarının keçirilməsində fasilə yaranmışdı.

“Bu da ondan irəli gəlir ki, Gürcüstan tərəfində həmkarım tez-tez dəyişirdi. Artıq yeni nazir müavini təyin olunub. Bu məsələ də ona həvalə olunub. Düşünürəm ki, yeni ildən başlayaraq, biz işçi qrupu səviyyəsində məsləhətləşmələrə, sonra işçi qruplarının görüşü, daha sonra isə 2019-cu ilin ilk rübündə komissiyanın növbəti iclasının keçirilməsinə nail ola bilərik.

Düşünürəm ki, məsələnin dinamikasını artırmalıyıq. Bu, hər iki dövlət üçün vacib məsələdir. Çünki delimitasiya tezliklə başa çatmalıdır. Komissiyalar 1996-cı ildən fəaliyyət göstərirlər. Bu dövr ərzində sərhəd xəttinin üçdə iki hissəsi demək olar ki, komissiyalar səviyyəsində razılaşdırılıb, protokollaşdırılıb. Üçdə bir hissəsi ilə bağlı işlər isə davam etdirilməlidir”.

Emin Səfərov