“Burada həm də Gürcüstan daxilində hakimiyyət böhranının olması özünü göstərir”.
Bunu Cənubi Qafqaz regionunda mövcud proseslərdən danışan politoloq Fatimə Manafzadə Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Cənubi Qafqazda baş verən proseslər iyirmi ildən artıq müddət ərzində formalaşan geosiyasi və geostrateji maraqların gün üzünə çıxmasının bariz nümunəsidir:
“Gürcüstan siyasi hakimiyyətinin “Xarici agentlər haqqında” qanunu qəbul etməsinə qarşı xalqın etiraz aksiyaları keçirməsi təsadüfi hal deyil. Burada həm də Gürcüstan daxilində hakimiyyət böhranının olması özünü göstərir. Eyni zamanda, aydın görünür ki, xalq ilə hökumət arasında problemlər mövcuddur. Əlavə olaraq, yaranan mənzərədən Gürcüstan üzərində Qərb-Rusiya rəqabəti aydın müşahidə edilir.
Baş verən proseslərin hər biri Gürcüstanda formalaşan siyasi proseslərin artıq pik həddə çatdığını deməyə əsas verir. Nəticədə isə hazırkı hakimiyyət Qərbin Gürcüstan üzərində təsir imkanlarını azaltmaq və liberallaşma yoluna getmək üçün bütün mümkün variantlardan istifadə edir”.
Nəsimi Ələsgərli