Bu gündən etibarən Gürcüstana səfər edən əcnəbilər üçün sadələşdirilmiş qaydalar qüvvəyə minib.
Yenicag.az xəbər verir ki, koronavirus əleyhinə tam vaksinasiya kursu keçmiş əcnəbilərdən hava, quru və dəniz sərhədini keçərkən PCR testin mənfi nəticəsini təsdiqləyən arayış və ölkəyə səfərə yollanmazdan öncə onlayn qeydiyyatdan keçmək tələb olunmayacaq.
Peyvənd vurdurmayan xarici ölkə vətəndaşları isə son 72 saat ərzində aparılmış PCR testin neqativ nəticəsinə dair arayış təqdim etməlidirlər və səfərdən öncə onlayn qeydiyyatdan mütləq keçməlidirlər. Bu şəxslər Gürcüstana daxil olduqdan sonra 72 saatın tamamında təkrar testdən keçmək məcburiyyətindən azad olunublar.
Gürcüstan vətəndaşlarına gəlincə, vaksin olunanlar vətənə hava və quru yolla qayıdarkən PCR test təqdim etməyəcəklər və özüntəcrid rejiminə keçməyəcəklər. Peyvənd olunmayanlardan isə son 72 saat ərzində aparılmış PCR testin mənfi nəticəsini təsdiqləyən arayış tələb ediləcək.
Onlar ölkədə olduqları üçüncü günün tamamında təkrar test vermək öhdəiliyindən azad olunublar. Əgər vətəndaş Gürcüstana PCR testlə bağlı sənədsiz dönürsə, həmin şəxs 5 gün müddətinə özünü təcrid etməli olacaq.