Gürcüstana təzyiqlər görünməmiş HƏDDƏ: “Hər iki tərəf öz mövqeyində israrlıdır”

“Bu həftə Gürcüstanda keçiriləcək parlament seçkiləri taleyüklü bir məsələdir və bu ölkənin həm də seçim məsələsidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

Siyasi təhlilçi bu həftə Gürcüstanda keçiriləcək parlament seçkiləri ərəfəsində Tbilisidə baş tutan mitinqlərdən, həmçinin Qərbin bu ölkədəki seçkilərə təsir imkanlarından söz açıb.

Siyasi təhlilçinin sözlərinə görə, hazırda Gürcüstan hakimiyyəti Qərblə münasibətlərdə kifayət qədər gərginlik yaşamaqdadır və Qərb tərəfdən Gürcüstana edilən təzyiqlərin səviyyəsi indiyə qədər görünməmiş bir həddə gəlib çatıb:

“Nəzərə almalıyıq ki, Gürcüstandakı etirazların başında artıq ölkə prezidenti Salome Zurabişvili dayanır və o, ölkə konstitusiyasında müəyyən pozuntulara yol verməklə bunu edir. Buna misal olaraq, onun Nazirlər Kabineti ilə razılaşdırılmadan xarici ölkələrə səfərlərinin həyata keçirilməsi, eləcə də seçkidən sonra texnokratlardan ibarət hökumətin qurulması ilə bağlı söylədiyi fikirlər və fəaliyyətlərin hamısı, əslində, Gürcüstan konstitusiyası ilə uzlaşmayan məsələlərdir və Qərb tərəfdən də ciddi şəkildə dəstəklənir”.

Onun fikrincə, hazırda Gürcüstanda aparılan rəy sorğuları da, əslində, tam şəkildə obyektiv mənzərə yaratmağa imkan vermir:

“Belə ki, daha çox birtərəfli formada bu rəy sorğuları keçirilməkdədir. Keçirilən müxtəlif təşkilatlar tərəfindən keçirilən rəy sorğuları çox müxtəlif və bir-birindən ciddi şəkildə fərqlənən nəticələr ortaya qoyub. Digər tərəfdən, parlamentə düşmək imkanı olan təxminən 5-ə yaxın siyasi qüvvə var və onların bir çoxu müxalifət qüvvələridir. Amma onların vahid mövqedən çıxış edəcəyi ilə bağlı ehtimallar tam şəkildə özünü doğrultmur. Çünki onlar müxtəlif siyasi təşkilatlardır və çox maraqlıdır ki, onlar seçkilərə də birgə qatılmadı. Yəni hər biri ayrı-ayrılıqda öz bloklarını yaradaraq getdilər”.

Həmsöhbətimiz əlavə edib ki, bu gün Gürcüstanda 26 oktyabrdan sonra nəyin olacağını proqnozlaşdırmaq çox çətindir:

“Çünki hər iki tərəf öz mövqeyində israrlıdır. Gürcüstan hakimiyyəti bu seçkilərdə səslərin əksəriyyətini qazanacağını iddia edir. Eyni iddia müxalifət tərəfindən də səslənməkdədir. Əlbəttə ki, burada müxtəlif ssenarilər də ola bilər. Belə ki, biz bir çox “Məxməri inqilab”ların baş verdiyi ölkələrdə onu müşahidə edirik ki, adətən, seçkilərin nəticələri şübhə altına alınır və bunu qəbul etməyən siyasi qüvvələr etirazlara başlayırlar. Bu etiraz aksiyalarının təzyiqi nəticəsində ya seçkilərin nəticəsi dəyişir, yaxud da çevriliş baş verir. Biz bunu həm Ermənistan, həm də Ukraynada gördük. Eləcə də Gürcüstanın özündə belə bunun şahidi olmuşduq”.

“Ona görə də çox müxtəlif ssenarilərlə bağlı iddialar ortadadır. Gürcüstan iqtidarı da hakimiyyəti qorumaq üçün bütün konstitusion imkanlardan istifadə edəcəyini bəyan edib. Hər halda, ilkin ehtimal bundan ibarətdir ki, seçkilərlə hansısa gərginlik olmasa, normalda hakimiyyətdə olan “Gürcü arzusu” partiyası daha çox səs toplayacaq. Lakin bu səslər ona təkbaşına hökumət qurmağa imkan verəcəkmi, bu artıq başqa mövzudur. Çünki, gərək, Gürcüstan parlamentində 50%-in üzərində səs toplanmalıdır ki, buna uyğun olaraq da iqtidar partiyasının hökuməti formalaşdırmaq imkanı olsun. Odur ki, bu seçkilər həmçinin Cənubi Qafqaz üçün də taleyüklü bir məsələdir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29