Gürcüstanda milli valyuta kursunun aşağı düşməsi ilə bağlı ölkənin baş naziri açıqlama verib.
Baş nazir İrakli Qaribaşvili lazım gələrsə hökumətin administrativ xərcləri azalda biləcəyini qeyd edib:
“Bizi tərəfimizdən qısa zamanda larinin kursu ətrafında situasiyanı stabilləşdirmək istiqamətində detallı şəkildə plan işlənib hazırlanır. Bundan başqa, ölkəyə yeni investisiyaların cəlb edilməsi üçün bir neçə maraqlı təklif və mexanizmlərimiz var”.
Qeyd edək ki, Gürcüstan larisi dollara münasibətdə hələ ötən ilin noyabrın 20-dən ucuzlaşmağa başlayıb, son bir neçə gündə isə 20%-lik ucuzlaşma qeydə alınıb. Qaribaşvilinin sözlərinə görə,regionda baş verən hadisələr larinin kursuna öz mənfi təsirini göstərir:
“Ümumilikdə region üçün ağır iqtisadi situasiya xarakterikdir. Xüsususən də Ukrayna və bir sıra Avropa ölkələrində baş verənlər. Gürcüstan o qədər də böyük olmayan iqtisadiyyatı ilə qlobal porseslərdən asılıdır. Mənim şəxsi tapşırığımla hökumət komandası problemin həlli üçün aktiv işlər aparır. Biz sutkanın 24 saatı işləyirik”.
Onu da əlavə edək ki, artıq bir neçə gündür ki, Azərbaycan manatının məzənnəsində də kəskin devalvasiya müşahidə olunur. Analoji situasiya neftin qiymətinin düşməsi və Qərbin tətbiq etdiyi sanksiyalarla üz-üzə qalan Rusiyada da müşahidə edilir. Mərkəzi Bankın hesablamalarına görə, rubl 2014-cü il ərzində 27,2%,təkcə dekabr ayında isə 13,5% ucuzlaşıb. Eyni durum Belarusda, Ermənistan dramında, bir gündə 20% ucuzlaşan Qazaxıstanın tenqesində də qeydə alınıb.
Xatırladaq ki, hələ yanvarın ortalarında Dünya Bankı proqnoz verərək Rusiyanın mövcud iqtisadi problemindən daha doqquz ölkənin, xüsusuən də MDB ölkələrinin zərər çəkəcəyini bildirmişdi.