Gürcüstanda geylər haqda film etirazlara səbəb oldu: 11 nəfər saxlanıldı

Tbilisinin mərkəzində “Amirani” kinoteatrının qarşısında İsveç-Gürcüstan istehsalı olan “Daha sonra biz rəqs etdik” filmi əleyhinə etiraz aksiyası keçirilir.

Yenicag.az xəbər verir ki, yüzlərlə insan iki kişinin qeyri-ənənəvi seksual oriyentasiyası haqda olan ekran işinə qarşı çıxır. Mitinqçilər arasında dindarlar da var. Onlar milli şüarlar səsləndirirlər. “Gürcüstan marşı” milli hərəkatının lideri Sandro Berqadzenin sözlərinə görə, aksiyaçılar filmin heyətinə qarşı yox, oradakı hadisələrə qarşı etiraz edirlər:

“Biz dünyada kişilik simvolu olan gürcü kişisinin homoseksual kimi təqdim olunmasını istəmirik”.

Aksiyaçılardan bir neçəsi üzərində “LQBT-yə yox” yazılmış bayraqları yandırıblar.

Polis mitinqçilərin kinoteatrın binasına daxil olmasının qarşısını almaq üçün canlı sədd yaradıb və 11 nəfəri saxlayıb. Qarşıdurmada bir nəfərin isə yaralandığı bildirilib.

Hazırda polis gərginliyin azaldılması istiqamətində işləri davam etdirir. ABŞ-ın Gürcüstandakı səfirliyi isə öz vətəndaşlarını etiraz aksiyalarının keçirildiyi əraziyə yaxın getməməyə çağırıb. Gürcüstan Patriarxlığı isə filmin mövzusunun gürcü milli kimliyi ilə üst-üstə düşmədiyini bildirib və nümayişə etiraz edib.

Qeyd edək ki, Levan Akinin çəkdiyi “Daha sonra biz rəqs etdik” filmi Meraba və İrakli adlı iki kişinin sevgisindən bəhs edir.