Gürcüstanda muxtariyyət çağırışı və Zəlimxan Məmmədlidən CAVAB

“Gürcüstanda Azərbaycana, onun milli maraqlarına cavab verməyən bir hadisə baş verib. O cümlədən soydaşlarımızın iradəsi nəzərə alınmayıb”.

Bu sözləri Yenicag.az-a yanvarın 20-də Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin Axalkalaki rayonunun Buqaşen kəndində Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana abidə qoymasını şərh edərkən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.

Zəlimxan Məmmədli bildirib ki, bu hadisə Azərbaycan-Gürcüstan arasındakı strateji müttəfiqliyə xələl gətirən bir addımdır:

“Azərbaycan, Azərbaycanın xarici siyasət idarəsi məsələyə münasibət bildirməlidir. Soydaşlarımızın vahid fikri ondan ibarətdir ki, o abidə sökülməli və onu qoyanlar məsuliyyətə cəlb edilməlidir. Bu hadisə Azərbaycan-Gürcüstan arasında həm diplomatik, həm də ictimai sahədə gərginlik yaradıb”.

Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıqovun “ermənilərin qoyduğu abidə ləğv edilməsə, Gürcüstanda yaşayan azərbaycanlıları ayağa qaldıracam və Gürcüstanda öz muxtariyyətimizi quracağıq” fikrinə münasibət bildirən Zəlimxan Məmmədli bu fikirləri populist və siyasi şüar adlandırıb.

Zəlimxan Məmmədli qeyd edib ki, bu kimi şüarları doğru hesab etmir:

“Bunun üçün hər hansı bir əsas yoxdur. O şüarların törədə biləcəyi fəsadları düşünmək çox böyük ağıl tələb etmir. Gürcüstanın NATO-ya inteqrasiya etdiyi, Azərbaycanda müəyyən gərginliyin olduğu, Ermənistan faktorunun olduğu və həm Azərbaycanın, həm də Gürcüstanın təhdid olunduğu bir zamanda bu məsələlərin gündəmə gəlməsinin heç bir əsası yoxdur”.

Səxavət Məmməd