Oktyabrın 20-də Gürcüstanın paytaxtı Tbilisidə “Gürcüstanın Avropa Gələcəyinə Dəstək” üçün böyük mitinq planlaşdırılır.
Yenicag.az xəbər verir ki, bu barədə “Novosti-Georgia” məlumat yayıb.
Qeyd olunur ki, “Gürcüstan Avropa İttifaqını seçir” adlı aksiya ictimai təşkilatlar və müxalifət fəalları tərəfindən təşkil olunub.
Etirazçıların bazar günü saat 17:00-da 5 fərqli yerdə toplaşmağa başlayacağı, oradan isə dəstələr halında Tbilisinin Azadlıq Meydanına qədər gedəcəkləri bildirilir. Oxşar tədbirlərin digər şəhərlərdə də keçirilməsi planlaşdırılır.
Müxalifətin mitinqi ilə paralel olaraq, yeni parkın açılışı münasibətilə Tbilisi meriyası tərəfindən təşkil olunan konsertin də keçiriləcəyi vurğulanıb.
Xatırladaq ki, Gürcüstanda seçkiqabağı dövr hazırkı hakimiyyətin anti-Qərb dönüşü səbəbindən gərginliyin artması ilə müşayiət olunur. Belə ki, oktyabrın 17-də Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı ölkələrinin liderləri Gürcüstanın avrointeqrasiya prosesinin faktiki dayandırıldığını bəyan ediblər.
Rafi Müslümov