“Gürcüstanda son 9 ildə hökumət dəfələrlə dəyişdirilsə də…” – Politoloq

Sabah Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nairlərinin 9-cu üçtərəfli görüşü təxirə salınıb. Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib ki, baş nazirin müavini, xarici işlər naziri David Zalkalianinin Azərbaycana səfəri baş Nazir Giorgi Qaxarianın və hökumətin istefası ilə əlaqədar təxirə salınıb. Qeyd edək ki, 45 yaşlı Qaxariya 2019-cu ilin sentyabrından Gürcüstanın baş naziri idi.

Politoloq İlqar Vəlizadə Yenicag.az-a açıqlamasında Gürcüstanın daxili siyasətində baş verən proseslərin Azərbaycanla siyasi münasibətlərə təsirlərini dəyərləndirib. Politoloq hesab edir ki, Gürcüstanın daxilində baş verən proseslərin Azərbaycanla münasibətlərə hər hansı formada təsir edəcəyi gözlənilən deyil:

“Çünki Gürcüstandakı proseslər ötən illərdə daha mürəkkəb keçirdi. İki il bundan öncə daxili siyasi iğtişaşlar ucbatından Gürcüstanda hakimiyyət dəyişilmişdi. Lakin bu gedişat Azərbaycan-Gürcüstan münasibətlərinə təsir etməmişdi.

Ümumiyyətlə, son 9 il ərzində Gürcüstanda hakimiyyət növbədənkənar şəkildə dəfələrlə dəyişilib. Bu baxımdan, Gürcüstanın daxilində baş verən proseslər onun daxili işləri hesab olunur və beynəlxalq münasibətlərə təsiri o qədər də böyük deyil”.

Gülşən Şərif