Gürcüstanda SÜKUT GÜNÜ: Seçkilərin qalibi hansı qüvvələr olacaq?

“Sabah baş tutacaq parlament seçkiləri təkcə Gürcüstanın deyil, ümumilikdə isə Cənubi Qafqazın tarixində əhəmiyyətli bir rol oynayacaq. Çünki Gürcüstanın Avropa İttifaqı, yaxud Rusiyaya yaxınlaşmaq siyasətini seçməsi bütün suallara aydınlıq gətirəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

O, oktyabrın 26-da Gürcüstanda baş tutacaq seçkilər və onun regiona təsirləri ilə bağlı fikirlərini bölüşüb.

Ə. İbrahimovun fikrincə, bu gün Gürcüstanda majoritar qüvvələr mövcuddur:

“Burada Ermənistanı götürsək, görərik ki, İrəvan öz xarici siyasət kursunda müəyyən dəyişikliklər edərək, Rusiya ilə Qərb arasında manevrlər etməklə məşğuldurlar. Yəni Gürcüstandakı yekun seçimlərdən sonra Ermənistan da artıq öz seçimini müəyyənləşdirəcək. Odur ki, bu seçkilərin təkcə Gürcüstanın deyil, bütövlükdə, Cənubi Qafqazın gələcək taleyinin müəyyən olmasında böyük rol oynayacaq”.

Mütəxəssis hesab edir ki, burada təkcə Gürcüstan yox, o cümlədən Ermənistan da istiqamət müəyyənləşdirəcək:

“Lakin bunu Azərbaycana aid etmək olmaz, ona görə ki, Gürcüstandakı seçkilərin Azərbaycanın xarici siyasətində ciddi təsirlər buraxmayacaq. Çünki Azərbaycan xarici siyasətini müəyyənləşdirib və bu, yalnız və yalnız dövlət maraqları istiqamətində qurulub. Yəni Azərbaycanın dövlət maraqları hansı istiqamətdə hərəkət etməyi tələb edirsə, Azərbaycan da o istiqamətdə hərəkət edir. Odur ki, Azərbaycanı öz yolundan bu və ya digər təsirlər vasitəsilə döndərmək mümkün deyil. Ona görə ki, Azərbaycan özünün xarici təsirlərə məruz qalmasını sübut edib”.

Onun sözlərinə görə, Ermənistandakı vəziyyət isə belə deyil:

“Çünki son zamanlar İrəvanın apardığı siyasət onun həm Rusiya, həm də Qərb arasında vurnuxduğunu işarə edir. Fikrimcə, Gürcüstandakı seçkilərin istiqaməti və nəticələri tərəflərdən birinin əyilməsinə ciddi təsir göstərəcək. Əgər Gürcüstanın indiki hakimiyyəti – “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası qalib gələrsə, heç şübhəsiz ki, bu, Ermənistanın da Rusiyaya yaxınlaşmasına mühüm rol oynayacaq. Çünki Gürcüstanın Rusiyameylli siyasət yürütməsi fonunda Ermənistanın Avropa İttifaqı və ABŞ ilə yaxınlaşması çox ciddi maneələrə rast gələ bilər”.

Politoloq vurğulayıb ki, bu gün dünyanın müxtəlif yerlərində, xüsusilə də post-sovet respublikalarında Rusiya və Qərb arasında çox ciddi mübarizə gedir:

“Fikrimcə, sabah Gürcüstanda baş tutacaq seçkilərdə Rusiyapərəst qüvvələrin qazanmaq şansı daha yüksəkdir. Ona görə ki, bu gün iqtidarda olan “Gürcü arzusu” partiyasının rəhbəri Bidzina İvanişvilidir. Hansı ki, o, Rusiya ilə ciddi münasibətlər qurub, hakimiyyət də Rusiyameyllidir. Eyni zamanda, verilən proqnozlara görə, onun hökumət kabinəsini formalaşdırmaq üçün səs toplayacağı görünür. Əgər qeyd etdiyim nüanslar baş tutarsa, bu, müxalif qüvvələrin, Avropa və ABŞ-nin nə istəməsindən asılı olmayaraq, Gürcüstanın Rusiyaya meyllənməsinə səbəb olacaq”.

Həmsöhbətimiz əlavə edib ki, 5-6 ay bundan qabaq Gürcüstan müəyyən qanunların, xüsusilə də “Xarici şəffaflığın təsiri haqqında” qanunu qəbul etməsi ilə müxalif, o cümlədən Amerikapərəst qüvvələrin seçkidə qalib gəlməsinin qarşısında çox ciddi bir sədd çəkdi:

“Bununla da Gürcüstan daxilində olan müxalif qüvvələrin Avropa və ABŞ tərəfindən maliyyələşdirilməsinin qarşısını aldı. Çünki maliyyələşmə olmadan seçkidə qalib gəlmək mümkün deyil.

Düşünürəm ki, “Gürcü arzusu” partiyası hər şeyə rəğmən, qalib gələcək. Lakin, təbii ki, bu qələbənin arxasında ciddi problemlər dayana bilər. Biz bilirik ki, ABŞ və Avropa İttifaqı ölkələri dişlərini qıcayıb Gürcüstandakı seçkiləri gözləyirlər. Hətta onların əlində müxtəlif ssenarilər belə hazırdır ki, orada iğtişaşlar yaratsınlar, hətta çevriliş etsinlər. Amma buna nail ola bilməyəcəklər, ona görə ki, bu, birinci dəfə deyil.

Bu gün ABŞ, “Soros” Fondu və digər Qərbyönlü qüvvələr bu cür ölkələrdə “narıncı inqilablar” törətmək istəyirlər. Amma Qərbin hazırlaşdığı qədər Gürcüstan da sözügedən hücumları dəf etməyə hazırlaşıb. Mənə elə gəlir ki, sabahkı seçkilərin əsas qalibi Gürcüstandakı ruspərəst qüvvələr olacaq”.

Rafi Müslümov

COP29