Ukraynada silahlı qarşıdurma davam edərkən, Gürcüstanda terror aktları riski davam edir.
Yenicag.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Gürcüstan televiziyasında deyib.
“Ukraynada müharibə davam etdikcə risklər davam edir. Nə qədər ki, kontekst bu cür qalacaq, bu risklər ölkəmizdə qalacaq”, – deyə hökumət başçısı qeyd edib.
Kobaxidze bunu “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişviliyə qarşı sui-qəsdin hazırlanması ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən araşdırılan işlə bağlı ölkədə terror aktları təhlükəsinin qalıb-qalmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Baş nazirin sözlərinə görə, ölkə hakimiyyəti Ukraynadakı müharibənin gələn ildən gec olmayaraq başa çatacağını gözləyir.
Bundan əvvəl Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti İvanişvilinin öldürülməsini Gürcüstan hökumətinin hazırda Ukraynada yaşayan keçmiş nümayəndələrinin hazırlaması barədə məlumat yayıb.
Nəsimi Ələsgərli