Gürcüstanda torpaqlar əcnəbilərdən alına bilər

Gürcüstanda xarici ölkə vətəndaşlarına məxsus, lakin istifadə olunmayan kənd təsərrüfatına yararlı torpaqlar onlardan müsadirə oluna bilər.

Yenicag.az xəbər verir ki , bu barədə Gürcüstan parlamentinin Kənd təsərrüfatı komitəsinin sədri Otar Danelia bildirib.

Onun sözlərinə görə, əcnəbilər onların mülkiyyətində olan kənd təsərrüfatı torpaqlarını mütləq əkib-becərməli olacaqlar: “Xarici vətəndaşların Gürcüstanda aqrar torpaq sahələrinə malik olması problem deyil. Problem ondan ibarətdir ki, bu, onların üzərinə heç bir öhdəlik qoymur. Bir çox hallar var ki, əcnəbilər böyük torpaq sahələrinə sahibdirlər, lakin həmin torpaqları əkib-becərmirlər və bununla bağlı onların heç bir öhdəliyi yoxdur”.

O.Danelia deyib ki, Gürcüstan parlamentində bu cür torpaq sahiblərinə qarşı müəyyən sanksiyaların, o cümlədən öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə, torpaqların müsadirə edilməsinin tətbiqi məsələsi müzakirə olunur.

Komitə sədri qeyd edib ki, Gürcüstanın ümumi torpaq fondu böyük deyil və hazırda, təxminən, 45 000-50 000 hektar aqrar torpaq sahələri əcnəbilərin mülkiyyətindədir./Report/