Növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Gürcüstandakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə davam edir. Gürcüstanda müvəqqəti yaşayan, işləyən və təhsil alan Azərbaycan vətəndaşları səsvermədə fəal iştirak edirlər.
Yenicag.az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevin sözlərinə görə, saat 12:00-dək seçicilərin 32 faizi artıq səs verib. Həmin seçicilərin 66-sı ilk dəfədir səs verir. Daha altı vətəndaşın 18 yaşı yenicə tamam olub, bir seçicinin isə 85 yaşı var.
Səfir bildirib ki, əlverişsiz hava şəraitinə baxmayaraq, paytaxt Tbilisi ilə yanaşı, Gürcüstanın Axalkələki, Saqareco, Kaspi və digər bölgələrində işləyən, müvəqqəti ezamiyyədə olan və təhsil alan Azərbaycan vətəndaşları səsvermədə fəal iştirak ediblər. Tbilisi vaxtı ilə saat 19:00-da başa çatacaq səsvermədə ümumilikdə mindən çox vətəndaşımızın iştirakı gözlənilir.