Gürcüstanda YENİ ERA: Kavelaşvili nə VƏD EDİR?

“Əlbəttə, Gürcüstanda Mixail Kavelaşvilinin prezident seçilməsi çox böyük əhəmiyyətə malikdir. Çünki Gürcüstanda sabitliyi pozmaq istəyən müxalifət hakim “Gürcü arzusi” partiyasının bütün planlarını əngəlləməyə çalışırdı. Məhz buna görə Kavelaşvili hakim partiya tərəfindən dəstəklənən bir namizəddir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Gürcüstanda hökuməti idarə edən siyasi qüvvələrlə prezidentlik kürsüsündə əyləşən sima eyni tərəfləri təmsil etməlidir:

“Təbii ki, Qərbin müəyyən imperialist qüvvələri Gürcüstandakı prezident seçkilərinin nəticələrini mübahisələndirməklə yanaşı ölkədəki vəziyyəti gərginləşdirmək üçün əllərindən gələni edəcəklər. Sözsüz ki, bu da onların maraqlarından irəli gəlir. Lakin bütün bunlara baxmayaraq, Gürcüstan öz prezidentini seçibdir və təxribatçıların neqativ arzu-istəklərinin reallaşması çox çətindir”.

Analitik prezidentin ölkənin xarici siyasəti ilə bağlı böyük üstün mövqelərinin olmadığını da qeyd edib:

“Əlavə olaraq, Gürcüstanda əsas qərarverici şəxsin Baş nazir olduğunu da unutmaq olmaz. Məhz elə buna görə biz prezidentin xarici məsələlərə olan müdaxiləsini çox da görə bilməyəcəyik. Amma hakim partiyanın dəstəklədiyi bir namizəd olduğu üçün hökumətin qərarlarından kənar bir addım da atılmayacaq. Digər bir tərəfdən, Gürcüstan heç vaxt Qərbə inteqrasiyanı dayandırdığını bəyan etməyib. Sadəcə olaraq, birtərəfli Rusiya düşmənçiliyinin regionda hansı acı nəticələrə çıxardığını rasional siyasətçilər yaxşı başa düşürlər və Gürcüstanın yeni hökuməti də, yeni prezidenti də bu xarici siyasət kursunda balanslı qərarları davam etdirəcəklər”.

Mayıl Soltanov