Xəbər verdiyimiz kimi, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu” partiyası 54,24% səslə liderlik edir.
Yenicag.az xəbər verir ki, bu haqda Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
MSK-nın məlumatına görə, “Gürcü Arzusu” 54,243%, “Dəyişiklik Koalisiyası” 10,805%, “Birlik – Milli Hərəkat” partiyası 10,07%, “Güclü Gürcüstan” 8,722%, “Gürcüstan üçün Qaxariya” partiyası isə 7,725% səs toplayıb.
Gürcüstanda yaşayan azərbaycanlıların seçki prosesində fəal iştirakı soydaşlarımızın qonşu ölkədə siyasi dinamizmini, milli identitetini və regional əlaqələrini daha dərindən anlamağa imkan tanıyır. Qeyd edək ki, azərbaycanlıların bu ölkədə milli identiteti, yəni bir toplumun mənsub olduğu millətə, mədəniyyətə, dilə, adət-ənənələrə və tarixi köklərə olan bağlılığını ifadə edir. Milli identitet insanların özlərini bir millətin üzvü kimi hiss etmələrinə və bu millətin dəyərlərini, simvollarını və tarixini mənimsəmələrinə yardım edir. Həmçinin, milli identitetin formalaşmasında təhsil, mədəniyyət, sosial mühit və tarixi hadisələr mühüm rol oynayır.
Seçkidə aktiv olan azərbaycanlılar sülh və inkişafa yönəlmiş perspektivlə müharibə və daxili qarşıdurmaların yaratdığı fəsadlara qarşı mübarizə apararaq, milli-mənəvi dəyərlərin qorunmasını ön plana çəkdilər. Soydaşlarımız qonşu ölkədəki toplumun bir hissəsi olaraq, Gürcüstan cəmiyyətinin inkişafı üçün müsbət bir səs olaraq çıxış etdilər.
Qeyd edək ki, hakim “Gürcü arzusu” partiyası seçkilərdə əldə etdiyi nəticələrlə ölkənin aparıcı siyasi qüvvəsi olduğunu bir daha sübut etdi. Bu partiyanın liderliyi altında siyasi mühitin stabil qalması azərbaycanlıların sosial-iqtisadi problemlərinin həllinə yönəlik strategiyanın tətbiqini zəruri edir. Seçkidən sonra formalaşacaq Gürcüstan hökuməti, ölkədə yaşayan azərbaycanlıların inkişafı üçün bir sıra mühüm tədbirlər həyata keçirməlidir.
Bu tədbirlər sırasında azərbaycanlıların yaşadığı bölgələrdə kiçik və orta sahibkarlığı dəstəkləyən proqramlar həyata keçirmək, yerli iqtisadiyyatı canlandırmaq üçün investisiya cəlb etmək, iş yerlərinin yaradılması və sosial-iqtisadi inkişafın stimullaşdırılması üçün xüsusi layihələr hazırlamaq öndə olmalıdır.
Yeni hökumət Gürcüstanda yaşayan azərbaycanlıların sosial problemlərinin həlli üçün müvafiq sosial proqramların hazırlanmasına da xüsusi önəm verməlidir.
Azərbaycanlıların siyasi həyatda daha fəal iştirakını təmin etmək üçün yerli özünüidarəetmə orqanlarında, dövlət strukturlarında daha çox təmsilçilik imkanları yaradılması da bu ölkənin hakimiyyətinin görəcəyi işlər sırasına daxil edilməlidir.
Bu tədbirlər Gürcüstanda yaşayan azərbaycanlıların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və onların cəmiyyətə inteqrasiyasını təmin edəcək.
Gürcüstanın yeni inkişaf dövründə, azərbaycanlıların yaşadığı bölgələrdə sosial-iqtisadi məsələlərə daha çox diqqət ayrılmalıdır. Bu, onların cəmiyyətə inteqrasiyasını gücləndirmək və bərabər imkanlar yaratmaq baxımından önəmlidir. Gürcüstanda yaşayan 300 min azərbaycanlının səsi seçki prosesində əhəmiyyətli rol oynadı. Bu seçkilərdə azərbaycanlıların səsi hakim partiyanın ümumi səslərində 7-8 faizlik bir paya sahibdir. Bu göstərici soydaşlarımızın Gürcüstanın siyasi arenasında mühüm təsir imkanının olduğunu göstərir.
Xüsusilə qeyd etmək lazımdır ki, seçkilərin nəticələri Qərbin Gürcüstanda tətbiq etdiyi siyasətə və bölgədəki parçalanma tendensiyalarına qarşı ciddi zərbə oldu. Burada yaşayan azərbaycanlılar digər Gürcüstan vətəndaşları ilə birlikdə milli birlik və vətənpərvərlik ruhunu nümayiş etdirərək, Qərbin regionu parçalamaq cəhdlərinə qarşı mübarizə aparıblar.
Bu, eyni zamanda, Azərbaycanın və Gürcüstanın Ermənistanın bölgədəki siyasətinə qarşı ortaq bir mövqedən çıxış etdiyini göstərir. Əgər seçkilərin nəticəsi fərqli olsaydı, Qərb tərəfdarı olan bir liderin hakimiyyəti altında bölgədə yeni münaqişələr yarada bilərdi. Bu, Gürcüstanın suverenliyini, müstəqilliyini və milli maraqlarını təhlükəyə atmış olardı.
Bununla yanaşı, Azərbaycan və Gürcüstan arasındakı strateji əməkdaşlıq, tarixi və mədəni bağlar üzərində qurulmuş bir birlikdir. Bu birlik, hər iki dövlətin beynəlxalq aləmdə birgə mövqedən çıxış etməsini təmin edir. Tarix göstərir ki, bu əməkdaşlıq dönəmlərdə hər iki ölkə güclü olmuş, öz maraqlarını müdafiə etmiş və regional sabitliyi təmin edib.
Nəticə olaraq qeyd etmək lazımdır ki, Gürcüstanda yaşayan azərbaycanlıların seçki prosesi yalnız yerli siyasət üçün deyil, eyni zamanda, regional və beynəlxalq dinamikalar üçün də əhəmiyyətlidir. Bu kontekstdə azərbaycanlıların səsi Gürcüstanın siyasi xəttinin formalaşmasında həlledici rol oynayır və ölkənin müstəqil, suveren bir dövlət olaraq gələcəyini təmin etməkdə əhəmiyyətli bir faktordur. Bu birliyin və mübarizənin davam etdirilməsi həm Gürcüstanın, həm də Azərbaycanın gələcək inkişafında mühüm amil olacaq.
Nəsimi Ələsgərli