Gürcüstandakı seçkilərin Ermənistana TƏSİRİ: “Qərblə İrəvan arasında anlaşma olub”

“Gürcüstandakı seçkilər bölgənin taleyi üçün ciddi təsir imkanlarına malik olan seçki idi. Bu, yalnız Gürcüstanın öz gələcəyi ilə bağlı seçim deyildi, ümumiyyətlə, Cənubi Qafqazdakı proseslərə ciddi şəkildə təsir etmək imkanı olan bir seçki oldu”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

Politoloq oktyabrın 26-da Gürcüstanda baş tutan parlament seçkilərinin regiona və ən əsas da Ermənistana təsirləri ilə bağlı danışıb.

O.Qasımovun dediyinə görə, qonşu ölkələr də Gürcüstandakı seçkilərin nəticələrində maraqlı idilər:

“Ermənistan hakimiyyəti də istəyərdi ki, Gürcüstanda Qərbə yaxın qüvvələr iqtidara gəlsinlər. Hətta yayılan bəzi məlumatlara görə, Qərblə Ermənistan arasında Gürcüstandakı seçkilərdə iş birliyinin həyata keçirilməsi ilə bağlı müəyyən anlaşmalar da olub və erməni kəşfiyyatının Gürcüstanda yaşayan ermənilər vasitəsilə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası qalib gələcəyi halda orada həmin qüvvələrdən istifadə etməsi nəzərdə tutulub”.

“O ki qaldı seçkilərin nəticəsinə, bəllidir ki, Qərb bu seçkilərdən öz istədiyini ala bilmədi. Hələ seçkilərə qədər Qərb tərəfindən verilən bəyanatlar ondan ibarət idi ki, diplomatik mühitdə onlar “Gürcü arzusu” partiyasının hakimiyyətdən getməsini istəyirdilər. Son olaraq, Avropa Parlamentinin verdiyi bəyanatda da biz bunu açıq şəkildə gördük. Yəni Avropa Parlamenti daha çox irəli gedərək, az qala, seçkinin nəticələrini bəri başdan müəyyən edib hakimiyyət dəyişikliyindən dəm vururdu”, – deyə o, əlavə edib.

Ekspert əmindir ki, Gürcüstan cəmiyyəti bu məsələlərə kifayət qədər həssas yanaşdı, ölkədəki sabitliyi, ölkənin gələcəyini və milli dəyərləri əsas tutaraq, seçkilərdə öz mövqeyini ifadə etdi və hazırkı hökuməti dəstəklədi:

“Doğrudur, Gürcüstanın iqtisadi cəhətdən müəyyən problemləri olsa da, bu seçkilər daha çox geosiyasi savaş kimi təqdim olunduğu üçün gürcülər də məhz bu kontekstdən məsələyə yanaşdılar. Nəzər almaq lazımdır ki, Gürcüstanda yaşayan azərbaycanlıların da bu seçkilərin nəticələrinə kifayət qədər təsiri oldu. Təxminən 8% soydaşımızın səsi mütləq əksəriyyəti ilə hakim partiyaya getdi. Çünki Gürcüstanda yaşayan azərbaycanlılar Qərbin bu ölkədəki məsələlərə müdaxiləsi və bu müdaxilənin gələcəkdə region üçün hansı fəsadlara gətirəcəyini, o cümlədən Azərbaycanın özü üçün də hansı problemlərin olacağı məsələsini düzgün dəyərləndirərək, belə bir seçim etdilər”.

Onun fikrincə, Gürcüstan müxalifəti də başda Slaome Zurabişvili olmaqla seçkilərin nəticələrini tanımırlar:

“Baxmayaraq ki, beynəlxalq təşkilatlar da seçkilərdə müəyyən pozuntuların bildirməklə yanaşı ümumən seçkilərin yaxşı təşkil olunduğu qeyd ediblər. Bütün hallarda, Gürcüstanda hadisələrin necə olacağı ilə bağlı hələ seçkilərdən öncə də çox müxtəlif ehtimallar irəli sürülmüşdü ki, artıq onlar özlərini doğruldur. Əvvəlcədən də məlum idi ki, Qərb, əgər seçkilərdə hakim partiya qalib gələcəksə, onun nəticələrini tanımamaq və xalq etirazları təşkil etmək üçün Gürcüstandakı bir çox siyasi qüvvələrlə artıq müəyyən anlaşmalar əldə etmişdi ki, sözügedən proseslərin də başında prezident Saloma Zurabişvili dayanır. Zurabişvili o şəxsdir ki, 2004-cü ilə qədər Fransa vətəndaşı kimi fəaliyyət göstərib və hazırda Gürcüstandakı proseslərə bir formada yön verməyə çalışır və hökumət əleyhinə etirazlar təşkil etmək istəyir”.

“Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstan hökumətini təbrik etməsinə gəldikdə isə bu, gözlənilən bir məsələ idi. Çünki Ermənistanın kifayət qədər Gürcüstandan asılılığı mövcuddur. Ən azından, Ermənistan yükdaşımalar, Avropaya və Rusiyaya çıxış istiqamətində Gürcüstandan asılı vəziyyətdədir. Bu baxımdan, Paşinyanın ürəyindən keçən, əslində, o idi ki, orada müxalifət seçkiləri qazansın ki, Qərbin təsirində olan qüvvələrlə daha rahat işləyə bilsin. Amma fərqli nəticələr ortaya çıxdığına görə Paşinyan da reallıqları doğru hesablayaraq, hazırkı hökumətlə işləmək və münasibətləri saxlamağı üstün tutdu ki, bu da praqmatik baxımdan, çox doğru bir addımdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29