Gürcustandan Ermənistana açılan dəhliz: “Tiflisdən izahat tələb edilməlidir”

Rusiya hərbi texnikasının Gürcüstan vasitəsilə Ermənistana daşınması haqqında məlumat Tiflisin Azərbaycana qarşı planlara qoşulmasına dair əsaslı şübhələr yaradıb.

Yeniçağ.Az xəbər verir ki, Gürcüstanıln “Vahid milli hərəkat” Partiyasından açıqlanan məlumata əsasən, Bolnisi rayonunda Ermənistan sərhədi istiqamətində Rusiya nömrəli maşınlarda hərbi texnikanın daşındığı müşahidə edilib. Bununla bağlı xüsusi brifinq keçirən “Vahid milli hərəkat” Partiyasının liderlərindən biri Nuqzar Tsiklaurinin sözlərinə görə, hərbi texnika yüklənmiş maşınlar Ermənistan sərhədi istiqamətində hərəkət edib. Partiya bu məlumatı təsdiqləyən fotoşəkilləri də yayıb. Məlumatlı şəxslərin ehtimalına görə, həmin texnika “Buq” qurğularından ibarətdir.

Yenicag.az-a bu mövzu ilə bağlı açıqlama verən politoloq Natiq Mirinin fikrincə, olayın doğru olub-olmadığını araşdırmaq üçün Azərbaycan xüsusi xidmət orqanları fəaliyyətə keçməlidir:

“Belə bir informasiyanın nə qədər dəqiq olub-olmadığını ciddi yoxlamaq lazımdır. Çünki indiki şəraitdə həmin olay bilavasitə Gürcüstanın maraqlarına xidmət etməyən bir olaydır. Artıq Rusiya nəinki Gürcüstan əraziləri olan Cənubi Osetiya və Abxaziyanı işğal edib, eyni zamanda bu istiqamətdə ciddi siyasi qərarlar qəbul etmək ərəfəsindədir. Artıq Cənubi Osetiyanın bir hissəsini Rusiyaya birləşdirmək yönündə addım atıb. Bu da həmin ərazilərin ilhaq olunması haqqında ciddi bir siyasi qərardır. Belə bir durumda Gürcüstanın Rusiyanın hərbi texnikasını Ermənistana ötürməsinə imkan yaratması, açığı, xeyli sual doğurur. Çünki həmin olay Gürcüstanın maraqlarına xidmət edən hadisə deyil. Eyni zamanda, rəsmi Tiflisin bu cür davranışları absurd hərəkət kimi qəbul olunmalıdır.

Ayrıca onu da nəzərə alaq ki, Saakaşvilinin partiyası İvanaşvili hakimiyyətinə müxalifətdə olan əsas güc mərkəzidir. O baxımdan da düşünürəm ki, bu informasiya ciddi yoxlanılmalıdır. Hərbi texnikanın bu ərazidən keçməklə Ermənistana ötürülməsi hadisəsi həqiqətən baş verirsə, artıq mütləq mənada Gürcüstan hakimiyyətindən cavab tələb edilməlidir. Çünki bu hal Gürcüstanın Azərbaycanla strateji müttəfiqlik münasibətlərinə qətiyyən uyğun gəlmir. Digər tərəfdən, hazırda Gürcüstanın enerji tələbatının 90 faizindən çoxunu Azərbaycan təmin edir. Bölgənin qlobal layihələri də məhz Gürcüstan ərazisi vasitəsilə həyata keçirilir və onun da təşəbbüskarı Azərbaycandır. Bu layihələrin reallaşdırılması üçün Gürcüstana lazım olan maliyyə mənbələri də məhz Bakının dəstəyi ilə təmin olunur. Ona görə də düşünürəm ki, bütün bunların müqabilində Tiflis heç bir vəclə belə davranışlara yol verməməlidir.

Bir faktı da yaddan çıxarmayaq ki, Gürcüstanın Rusiya ilə yeganə quru yolu da qar uçqunu təhlükəsilə əlaqədar bağlıdır. Yəni Rusiyanın yüzlərlə yük maşını o səbəbdən sərhəddə qalıb. Quru yol bağlıdırsa, Rusiya hərbi texnikası Ermənistana necə daşına bilər? Ona görə də bu yöndə Azərbaycanın xüsusi xidmət orqanları ciddi hərəkətə keçərək, bu məsələni dəqiqləşdirməlidir. Məlumat təsdiqlənərsə, bu məsələ ciddi şəkildə həm Gürcüstan qarşısında, həm də beynəlxalq səviyyədə qaldırılmalıdır. Çünki Ermənistandakı Rusiya hərbi bazasının və yaxud İrəvan rejiminin hərbi cəhətdən gücləndirilməsi regionda balansın birmənalı olaraq pozulmasına gətirib çıxarar. Bu da bütün Avropa məkanı və region ölkələri üçün təhlükə yaradır”.

 

ELÇİN
Yeniçağ.Az