Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili xarici agentlər haqqında qanun layihəsinin əleyhdarlarını etirazları davam etdirməyə və onları bütün ölkəyə yaymağa çağırıb.
Yenicag.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
“Bu hərəkətlər bütün Gürcüstanı əhatə etməlidir, biz nə qədər çox olsaq, nə qədər mütəşəkkil və özümüzə inamlı olsaq, bir o qədər tez qalib gələcəyik”, – Saakaşvili bildirib.
Siyasətçi həmçinin bütün müxalifət qüvvələrini payızda keçiriləcək parlament seçkilərinə qədər birləşməyə çağırıb. Saakaşvilinin fikrincə, qələbə qazanmaq üçün müxalifətin vahid siyahısı lazımdır.
Bu arada Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili “xarici agentlər haqqında” qanun layihəsinin parlamentdə müzakirəsi ətrafında yaranmış vəziyyətlə əlaqədar Avropa İttifaqı ölkələrinin, həmçinin ABŞ və Böyük Britaniyanın səfirləri ilə təcili iclas keçirib.
Bundan əvvəl Gürcüstan parlamentinin “xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqlədiyi bildirilib.
Sənədi 83 deputat dəstəkləyib, bir deputat da onun əleyhinə çıxış etməyib.
Səsvermə Tbilisinin mərkəzində qanunvericilik binası yaxınlığında etiraz aksiyası fonunda keçirilib.
Bundan əvvəl qanun layihəsinə etirazlar səbəbindən səsvermə aprelin 17-nə təxirə salınmışdı.
Sənəd keçən il qanun layihəsinin birinci variantı müzakirə edilən zaman kütləvi etirazlara səbəb olmuşdu.