Gürcüstanın hakim partiyasından konstitusiyaya dəyişiklik təşəbbüsü: “LGBT təbliğatı”nın qadağan olunmasını istəyir

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası “LGBT təbliğatına qarşı” əsas qanuna dəyişikliklərlə bağlı təkliflərini rəsmən təqdim edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Novosti-Qruziya” məlumat yayıb.

Hakim partiya konstitusiyaya dəyişiklik təşəbbüsü ilə çıxış edir və “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” konstitusiya qanununun qəbulunu təklif edir. Layihədə səkkiz bənd var, “LGBT” termini birbaşa qeyd olunmayıb.

Layihədə qeyd olunur ki, yalnız “bir genetik kişi və bir genetik qadının birləşməsini nəzərdə tutan evliliyə bənzər münasibətlər” tənzimlənə bilər. Yetkinlik yaşına çatmayanların övladlığa götürülməsinə və ya qəyyumluğuna “yalnız Gürcüstan qanunlarına əsasən nikahda olan ər-arvad və ya heteroseksual şəxslər tərəfindən” icazə verilir.

Cinsiyyətin dəyişdirilməsi üçün tibbi manipulyasiyalar qadağandır. Rəsmi sənədlərdə “genetik məlumatlara uyğun olaraq” yalnız kişi və ya qadın cinsinin göstərilməsi tələb olunur; dövlət orqanlarının və ya fiziki şəxslərin “cinslə müəyyən edilmiş anlayışların istifadəsini birbaşa və ya dolayısı ilə məhdudlaşdıran” hər hansı qərarı etibarsız hesab edilir.

Sonuncu bəndlər “eyni cinsdən olan ailə və ya intim münasibətləri, qohumluq əlaqəsini, yetkinlik yaşına çatmayanların eyni cinsli cütlük və ya qeyri-heteroseksual şəxs tərəfindən övladlığa götürülməsi və ya qəyyumluğunun təşviqinə yönəlmiş hadisələri, bu mövzularda “əsərlərin, proqramların və digər materialların” yayılması və həmin materialların dövlət və ya özəl təhsil müəssisələrinin tədris prosesinə daxil edilməsi, cinsiyyətin dəyişdirilməsi məqsədilə tibbi müdaxilələri” qadağan edir.

Qeyd edək ki, “Gürcü arzusu” konstitusiyaya dəyişiklik etmək üçün parlamentdə kifayət qədər səs çoxluğuna malik deyil. Partiya daha əvvəl bildirmişdi ki, layihə böyük ehtimalla “Gürcü arzusu”nun konstitusiya çoxluğu alacağını gözlədiyi parlament seçkilərindən sonra səsverməyə çıxarılacaq.

“Gürcü Arzusu” qeyd edib ki, təklif olunan dəyişikliklər insan hüquqlarının, sərbəst toplaşmaq və ifadə azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

COP29