Xəbər verdiyimiz kimi, may ayının sonunda Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ölkəsinin 2021-ci ilədək NATO-ya üzv olmasına ümid etdiyini açıqlayıb.
Yenicag.ru-ya açıqlama verən israilli politoloq Aviqdor Eskin bildirib ki, Rusiya Gürcüstanın NATO-nun tərkibinə daxil olmasına aqressiv reaksiya verməyəcək: “Rusiya bu proses nəticəsində Gürcüstandan Abxaziya və Cənubi Osetiyanın de-fakto qoparılmasını və burada öz hərbi gücünün möhkəmlənməsini təmin edəcək”.
Eskin alyansın İraq, Əfqanıstan və hətta Afrikadakı əməliyyatlarında Tbilisinin də yüksək səviyyədə iştirak etdiyini deyib.
Politoloq bununla yanaşı bu məsələdə problemlərin də olduğunu vurğulayıb:
“Görkəmli gürcü siyasətçi Nino Burcanadze və digərləri NATO-nun tərkibinə daxil olmağın Gürcüstanın əzəli torpaqlarından imtina etməsi anlamına gəldiyini bildirirlər”.
O, Gürcüstanın Avropa İttifaqına üzvlüyə cəhdini də şərh edib:
“Gürcüstan Avropa İttifaqına üzv olmaq üzrədir. Baxaq, İttifaq parçalanana qədər onun tam hüquqlu üzvü ola biləcəkmi? Avropa İttifaqının parçalanması qaçınılmazdır. Artıq bu de-fakto baş verir, hər ölkə özü üçün oynayır”.
Gürcü tarixçi Guram Marxuliya isə bildirib ki, Gürcüstan Rusiyanı heç vaxt bağışlamayacaq:
“Azadlıq, müstəqillik anlayışları Rusiya üçün yaddır. Gürcüstan torpaqlarının işğalı onlar tərəfindən milli qürur, Rusiya mənəvi gücünün sübutu kimi qəbul edilir. Kreml Suriyanı məcbur etdi ki, gürcü torpaqlarını müstəqil dövlətlər kimi tanısın. Biz bunu onlara bağışlaya bilmərik”.
Tarixçinin fikrincə, Gürcüstanın NATO-ya üzv olması məsələsi Tbilisinin istəyindən deyil, ABŞ-ın gürcü geosiyasi məkanında nə qədər maraqlı olmasından asılıdır:
“Hesab edirəm ki, ABŞ Rusiya ilə məsləhətləşmədən belə bir qərar verməz. Məsələnin birmənalı şəkildə qəbul ediləcəyi təqdirdə belə, Cənubi Qafqazda geosiaysi reallıqların dəyişdirilməsi məqsədilə yeni hərbi münaqişələr baş verəcək”.