Təbii ki, quru sərhədlərinin açıq olması iqtisadi baxımdan məqsədəuyğundur. Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Xüsusən nəzərə alsaq ki, Azərbaycana turistlərin təxminən 70 faizi quru sərhədimiz olan ölkələrdən gəlir. Bu, eyni zamanda Azərbaycan vətəndaşları üçün qonşu ölkələrə səfər imkanları baxımından da vacibdir. Ona görə quru sərhədlərin açılması iqtisadi baxımından da əhəmiyyətlidir. Azərbaycanla quru sərhədlərinin açılması qonşu ölkədən Gürcüstana gələnlərin sayının artmasına təsir göstərəcək. Bu barədə bir müddət əvvəl Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili deyib. Nazirin sözlərinə görə, Azərbaycanın sərhədlərlə bağlı konkret arqumentləri var: “Əgər bu yöndə müsbət qərar qəbul edilərsə, Azərbaycan vətəndaşlarının Gürcüstana gəlişi asanlaşacaq və biz bunu alqışlayacağıq”.
Bundan öncə Gürcüstan iqtisadiyyat nazirinin müavini Mariam Kvirikaşvili bildirmişdi ki, quru sərhədlərinin bağlı olması səbəbindən Gürcüstan 1,5 milyon turist itirib.
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-nə qədər uzadılıb. Növbəti qəraradək quru sərhədləri bağlı qalacaq. Bu ilin aprelində verdiyi bəyanatda Prezident İlham Əliyev Azərbaycan sərhədlərinin bağlı qalmasını milli təhlükəsizlik məsələləri ilə əlaqələndirib. Sitat: “Sərhədləri bağlı saxlamaq qərarı COVİD-ə görə verilib. Biz hələ də formal olaraq karantin fazasındayıq. Lakin eyni zamanda açıq danışaq, sərhədləri bağlı saxlamaq qərarı təkcə ona əsaslanmır”. Dövlət başçısı bu barədə aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda danışıb. Prezident Əliyev deyib ki, sərhədlərin bağlı olması azərbaycanlılar, sərhədlərin digər tərəfində yaşayan azərbaycanlılar və başqaları üçün əlverişsiz olsa da, milli təhlükəsizlik bütün digər hisslərdən, bütün başqa səbəblərdən üstün olmalıdır: “Xüsusilə də indiki zamanda. Şimal sərhədimizdə müharibə var. Cənub sərhədimizdə böhrandır. Təzə münaqişələrdə ki, yağışdan sonra göbələk kimi peyda olur. Düşünürəm ki, Azərbaycan xalqı bunu anlayır”. Prezident sərhədlərin bağlı olduğu müddətdə Azərbaycanda təhlükəsizliyin gücləndiyini gördüyünü deyib.
“Sərhədlərin açılması müvəqqəti nəzərdə tutula bilər. Amma hələ ki, belə bir tələb ortaya qoyulmayıb. Bu sözləri axar.az-a deputat Fazil Mustafa quru sərhədlərinin COP29 ərəfəsində açıla biləcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, belə bir qərar yalnız COP29 ərəfəsində bəlli olacaq: ”Bu tədbirə çox sayda insan gələcək. Belə bir şəraitdə sərhədlərin açıq olması yəqin ki, bir zərurətə çevriləcək. Amma quru sərhədlər Operativ Qərargahın mülahizələri əsasında bağlı saxlanılır. Hökumət bu istiqamətdə hansısa bir addım atmağı nəzərdə tutmur. Görünür, müəyyən mənada virus və başqa təhlükə səbəbindən bağlı saxlanır. İndi o situasiyada doğru və optimal qərar veriləcək. İndidən qəti bir söz demək tezdir”.
Deputat Tahir Rzayev isə modern.az-a bildirib ki, quru sərhədlərinin açılması indiki məqamda məqbul hesab olunmur: “Karantin rejiminin uzadılmasının müəyyən səbəbləri var. Bu səbəbləri çoxları yaxşı bilmirlər. Qonşu Rusiyada, Gürcüstan, Ermənistan, eləcə də Ukraynada müəyyən təlatümlər yaşanır. Müharibələr gedir. Müəyyən xəstəliklərin, miqrasiya axınının qarşısını almaq üçün sərhədlərin açılması hələ məqbul hesab olunmur. Bu, insanların narazılığına və narahatlığına səbəb olur. Lakin hər şeydən əvvəl ölkənin milli təhlükəsizliyi bizim üçün daha vacibdir. Bu məqsədlə hələ quru sərhədlərinin açılması məqsədəuyğun sayılmır”.
Bu mövzuda “Yeni Müsavat”a danışan iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Gürcüstanla yeni sərhəd-keçid məntəqəsinin açılması yaxşı haldır: “İnsanların keçidi və malların dövriyyəsində növbələr olurdu, bu yeni məntəqə prosesi sürətləndirəcək. Yəni pozitiv hadisədir. Quru sərhədlərinin açılmasına gəlincə, hər hansı informasiyaya malik deyiləm, sadəcə, Azərbaycan noyabrda böyük beynəlxalq tədbirə evsahibliyi edəcək, 100-dən çox ölkədən 80 mindən artıq qonağın gəlməsi gözlənilir, belə şəraitdə quru sərhədlərini bağlı saxlayıb, bunu təhlükəsizliklə əlaqələndirmək pis bir mesaj olacaq, Azərbaycanın imicinə mənfi təsir edəcək. Ona görə COP29 tədbirindən əvvəl quru sərhədlərini açmaq yaxşı olardı”. N.Cəfərli həmçinin hesab edir ki, Bakı hava limanı bu qədər qonağı qarşılamaq gücünə də malik deyil, insanların bir hissəsi Gürcüstan üzərindən keçid edə bilər: “Avropa ölkələrindən Gürcüstana uçuşlar çoxdur. O baxımdan ən azı Gürcüstanla quru sərhədlərinin açılması labüddür. Azərbaycan kifayət qədər güclü ölkədir, güclü təhlükəsizlik xidməti var və açıq sərhəd rejimində də yüksək səviyyədə təhlükəsizliyi təmin edə bilər”.