Ötən gün axşam saatlarından başlayan güclü külək Lerik, Lənkəran və Masallı rayonlarında fəsadlar törədib.
Yenicag.az xəbər verir ki, külək Lerikdə əsasən elektrik təsərrüfatına ziyan vurub, işıq dirəkləri və naqillər qırılıb. Bundan başqa, bir neçə fərdi yaşayış evinin dam örtüyünə də ziyan dəyib.
Lənkəranda da külək fəsadsız ötüşməyib, əsasən fərdi evlərin dam örtüyünə ziyan dəyib. Rayonun Biləsər kəndində külək bir neçə evin damını uçurub. Analoji vəziyyət Masallı rayonunda da yaşanıb.
Hazırda hər üç rayonda küləyin vurduğu ziyanın miqdarı müəyyənləşdirilir.
Martın 24-də saat 15:00 radələrində Daşkəsən rayonu ərazisində güclü külək – qasırğa nəticəsində bina və evlərə, o cümlədən, Daşkəsən şəhərinin, qəsəbə və kəndlərin yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına, şəxsi minik avtomobillərinə ziyan dəyib.
Daşkəsən rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Daşkəsən şəhər S.Vurğun küçəsi 15 və 16 saylı, 2 mərtəbəli, hər biri 12 mənzilli yaşayış binalarının, Xoşbulaq kəndində tibb məntəqəsinin dam örtüyünə ciddi ziyan dəyib.
Güclü külək həmin binaların dam örtüklərini tamamilə sıradan çıxarıb, taxta konstruksiyalarla birlikdə binaların üstündən atıb. Rayonun Xoşbulaq, Zağalı, Qaraqullar, Mollahəsənli, Əhmədli, Əmirvar, Quşçu və Zəylik kəndlərində, Alunitdağ, Yuxarı Daşkəsən qəsəbələrində və digər yaşayış məntəqələrində də yaşayış binalarına və sosial obyektlərə ciddi ziyan dəyib, dam örtükləri tamamilə yararsız hala düşüb. İlkin məlumata əsasən, rayon üzrə ümumilikdə 80-dən artıq binanın dam örtüklərinə müxtəlif dərəcədə ziyan dəyib.
Hadisə ilə əlaqədar həmin binaların sakinləri tərəfindən ambulator müayinə üçün Rayon Mərkəzi Xəstəxanasının təcili yardım xidmətinə müraciətlər daxil olub.
Daşkəsən Rayon İcra Hakimiyyətində dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə dərhal komissiya yaradılıb, müvafiq işlər aparılır. Dəymiş ziyanın nəticələrini aradan qaldırmaq və təhlükəsizlik tədbirləri görülməsi üçün aidiyyəti üzrə qurumlar həmin işlərə cəlb olunublar.
Göygöldə də güclü külək bir sıra fəsadlar törədib. Külək rayonda rabitə və elektrik xətlərinə də ciddi ziyan vurub. Güclü külək nəticəsində rayon ərazisində daş hasar da uçub, Abbasov Araz Çingiz oğluna məxsus “VAZ” markalı avtomobilə ciddi ziyan dəyib. (APA)