Hacı Cavad məscidinin tikintisi davam edir – FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında Bakının Yasamal rayonunda yeni ünvanda Hacı Cavad məscidinin tikintisi davam etdirilir.

Trend-in məlumatına görə, dövlət başçısının Yasamal rayonundakı Hacı Cavad məscidinin münasib yerə köçürülərək yenidən inşası barədə qərarı dindarlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Bütün Azərbaycan dindarlarına töhfə olacaq, milli memarlığımızın ən gözəl ənənələrini ehtiva edən məscid binasının tikintisinə Abbas Mirzə Şərifzadə, 1 ünvanında başlanıb.

Yasamal rayon İcra Hakimiyyəti yanında dini komissiyanın üzvü Hacıxan Mirzə Bağırov bu ərazidə məscidin tikilməsinin dindarları çox sevindirdiyini bildirib: “Cənab Prezident İlham Əliyevin tapşırığı əsasında bu məkanda məscidin tikilməsi Yasamal rayon sakinlərinin çoxdankı arzusu idi. Şükür Allaha ki, bu arzu yerinə yetirildi. Biz bu məscidin layihəsi ilə tanış olanda gördük ki, məsciddə dindarların rahat ibadəti və mərasimlərin keçirilməsi üçün hər cür şəraitin yaradılması nəzərdə tutulub”.

O, Hacı Cavad məscidinin sökülmədiyini, sadəcə köçürüldüyünü vurğulayıb: “Məscidin indiki vəziyyətinə görə komissiya təşkil olunub və komissyanın rəyinə əsasən, məscid qəzalı vəziyyətdə olduğuna görə köçürülüb. Bu, sökülmə deyil, köçürülmədir. Buna görə biz Cənab Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, 2017-ci il aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq vermişdi.

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra xalqımızın dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması, hər bir şəxsin dini ehtiyaclarının ödənilməsinə zəruri şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib.

Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərinə böyük ehtiramla yanaşan ümummilli lider Heydər Əliyev müstəqilliyin ilk illərində məhdud imkanlara baxmayaraq, Sovet dövründə fəaliyyəti dayandırılmış və yararsız vəziyyətə düşmüş məscidlərin bərpası və yenidən qurulmasına xüsusi diqqət yetirib. Heydər Əliyevin 1994-cü ildə imzaladığı sərəncama əsasən dağıdılmış tarixi Bibiheybət məscid-ziyarətgah kompleksi yenidən tikilərək 1998-ci ildə dindarların istifadəsinə verilib.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dini məbədlərin bərpası işləri sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən daha genişmiqyaslı şəkildə davam etdirilib. Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilib, habelə Heydər Məscidi kimi Cənubi Qafqazın ən böyük və müasir məscidi tikilib. Bundan başqa, Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarında çoxsaylı məscid və ibadət evlərini bərpa edib.

Ümumilikdə, əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatıb. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur.

2017-ci ili “İslam Həmrəyliyi ili” elan edən Azərbaycan müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərmək üçün çoxsaylı tədbirlər təşkil edir.

Yenicag.az

COP29