Hacı Muradın nəşi gizli yolla Azərbaycandan çıxarılıb?

XIX əsrin ortalarında Qafqaz müharibəsində dağlıların liderlərindən biri olmuş Hacı Muradın nəşinin yenidən dəfn edilməsi ətrafında qeyri-müəyyənlik davam edir. Virtualaz.org-a məlum olduğuna görə, ictimai fəallar Azərbaycanın Qax rayonunun Tanqıt kəndində onun qəbrinin sinə daşının söküldüyünün şahidi olublar.

Qeyd edək ki, daha öncə Rusiyanın bəzi kütləvi informasiya vasitələri bu gün, iyunun 2-də Hacı Muradın qalıqlarının onun doğma kəndində – Dağıstanın Xunzax kəndində yenidən dəfn ediləcəyini yazmışdılar. Bu zaman rusiyalı jurnalistlər dəfn üzrə təşkilat komitəsinin sədri Məhəmməd Əmirxanova istinad edirdilər.

Lakin sonradan elə həmin nəşrlər Xunzax rayonunun başçısının müavini Şamil Əliyevə və administrasiyanın mətbuat katibi Kamil Hüseynova istinad edərək naibin qalıqlarının Dağıstanda yenidən dəfn ediləcəyi ilə bağlı məlumatı təkzib etmişdilər.

“Mən bilmirəm, bir nəfəri də xəbərdar etmədən onlar dəfn mərasimini necə keçirmək istəyirlər”, – Şamil Əliyev “Regnum” agentliyinə bildirmişdi.

Hazırda Qax Rayon İcra Hakimiyyəti Hacı Muradın qəbrinə müdaxilə haqqında məlumatı araşdırır. İş burasındadır ki, Qafqaz müharibəsinin qəhrəmanının qalıqlarının eksqumasiyasına heç kim rəsmi icazə verməyib.