Hacıbala Abutalıbovun oğlunun Türkiyədəki BİZNESİ… – “Ataları mənəm deyə..” – MÜSAHİBƏ

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun qardaşı koronavirusdan vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə H.Abutalıbov Modern.az saytına müsahibəsində məlumat verib.

“Hər gün evdən ancaq Heydər Əliyev və bu yaxınlarda koronavirusdan rəhmətə getmiş qardaşımın məzarını ziyarət etmək üçün çıxıram.

Qardaşımın mənim üzərimdə haqqı çoxdur. Məni o böyüdüb, baxmayaraq ki, məndən bir yaş böyük idi, mənə dayaq idi”, – deyə sabiq mer bildirib.

H.Abutalıbov müsahibədə ailəsi haqqında da danışıb. Həyat yoldaşının xərçəng xəstəsi olduğunu və hazırda Almaniyada müalicə aldığını deyib.

Onu da qeyd edib ki, iki oğlu var. Oğlunun Türkiyədə biznes qurması iddialarına isə belə münasibət bildirib:

“Mənim oğlanlarım uşaq deyil, 40-42 yaşları var. Ataları mənəm deyə, özlərinə iş qurmamalıdırlar, öz ailələrini dolandırmamalıdırlar? Hamı hansısa işi ilə, əməyi ilə ailəsinə çörək qazanır, mənim övladlarım da o insanlardan biridir”.