Daxili İşlər Nazirliyi Hacıqabulda keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, ictimai asayişin və təhlükəsizliyin etibarlı təmin edilməsi, əllərdə olan odlu silah-sursatın və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq qurumları Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayonda əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər.
Nəticədə şübhəli şəxs qismində hər biri əvvəllər məhkum olunmuş 11 nəfər saxlanılıb. Baxış zamanı onların üzərindən və yaşadıqları mənzillərdən 1 ədəd avtomat silah, 1 “Makarov” tipli tapança, 4 qumbara, 60 patron, 2 patron darağı və ümumi çəkisi 5 kiloqrama yaxın müxtəlif növ yüksək təsiredici narkotik vasitələr aşkar edilərək götürülüb.
Qeyd olunan faktlar üzrə cinayət işləri qaldırılıb, zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.