Hacıqabulda narkotacir SAXLANILDI – Metamfetamin, tiryək, 22 ədəd çətənə kolu… FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a bildirilib ki, əldə edilmiş məlumat əsasında Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz olaraq daşımasında şübhəli bilinən Şirvan şəhər sakini Səbuhi Zülfiqarov saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı onun üzərindən bir ədəd şəffaf polietilen bükümdə metamfetamin aşkar edilərək götürülüb.

Eyni zamanda, S.Zülfiqarovun narkotiki 110 manat müqabilində Şirvan şəhər sakini Əliyusif Səfərovdan aldığı müəyyən edilib. Davam etdirilən tədbirlərlə Ə.Səfərov da saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Onun yaşadığı mənzilə baxış keçirilən zaman 12 qramdan artıq metamfetamin, 19 qramdan artıq tiryək, aqrotexniki qaydada qulluq edilmiş 22 ədəd çətənə kolu, həmçinin, qurudulmuş marixuana, çətənə bitkisinin toxumları və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.